Şahmatçılarımız Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə liderlər qrupunda yer alıblar
İyulun 27-də Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində dördüncü tura yekun vurulub.

Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək şahmatçılar birincilik uğrunda mübarizə aparırlar.

Dördüncü turun görüşlərindən sonra Xəzər Babazadə və Ayan Allahverdiyeva 4 xalla 1-2-ci yerləri bölüşdürürlər. Üç zəka sahibinin hesabında 3,5, 13 şahmatçının isə 3 xalı var.

Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilir. Avqustun 1-dək davam edəcək yarışda Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar iştirak edirlər.

Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir. Yarışın baş hakimi isə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.

Xəbər 1222 dəfə oxundu.