Azərbaycan gimnastları Dünya Oyunlarında gümüş medal qazanıblar
Polşanın Vroslav şəhərində Dünya Oyunları çərçivəsinə gimnastika yarışlarında batut və tamblinq üzrə millimizin üzvləri çıxışlarını yekunlaşdırıblar.

İlk dəfə olaraq, bu qəbildən olan yarışlara qatılmalarına baxmayaraq gimnastlarımız uğurlu çıxışları ilə yadda qalıblar.

Millimizin hesabına gümüş medalı sinxron proqramda çıxış edən Veronika Zemlyanaya və Svetlana Makştarova cütlüyü yazdırmağa müvəffəq olub. Təsnifat mərhələsindən beşinci yerlə finala keçən qızlarımız, ciddi rəqabət və gərgin mübarizənin hökm sürdüyü yekun mərhələdə daha qüsursuz çıxış nümayiş etdirərək 46.250 xalla fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

Qeyd edək ki, öz ad günündə ikiqat həyəcanla tamaşaçı qarşısına çıxan Svetlana, gümüş medal qazanmaqla həm də özünə ən dəyərli hədiyyəni etmiş olub.

Oyunlarda daha bir debüt çıxış edən tamblinq üzrə yeganə təmsilçimiz Mixail Malkin olub. Final mərhələsinə adlamağı bacaran idmançımız yekunda 67.200 xalla 5-ci yerdə qərarlaşıb.

Xəbər 1132 dəfə oxundu.