“Qəbələ” klubunun UEFA Avropa Liqasında “Yagelloniya” klubu ilə oyunu heç-heçə yekunlaşıb | |
“Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Bakcell Arena”da Polşanın “Yagelloniya” klubu ilə qarşılaşıb. Almaniyalı baş hakim Marko Fritzin idarə etdiyi görüşün “Qəbələ” - “Yagelloniya” oyununun ilk hissəsi Polşa təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Birinci hissənin 10-cu dəqiqəsində qəbələlilər ilk təhlükəli vəziyyət yaratsalar da, hesabı aça bilməyiblər. Bundan beş dəqiqə sonra rəqib komandada Arvidas Novikovasın künc zərbəsindən sonra qonaqların heyətində Taras Romançuk fərqlənib - 1:0. Bu qoldan sonra hücuma atılan qəbələli futbolçular bir neçə real qol imkanları əldə etsələr də, bundan yararlana bilməyiblər. Futbolçularımızın qeyri-dəqiqliyi və rəqib qapıçının inamlı oyunu sayəsində ilk hissədə hesab dəyişməyib. İkinci hissəyə daha fəal başlayan Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib. Görüşün 47-ci dəqiqəsində komandamızın heyətində İlqar Qurbanovun ötürməsindən sonra Stiven Jozef-Monroz topu qapıdan keçirib – 1:1. Matçın qalan dəqiqələrində qapılara top vurulmayıb və görüş bu hesabla yekunlaşıb. Qeyd edək ki, ötən mövsümün Topaz Premyer Liqasının gümüş mükafatçısının “Yagelloniya” ilə matçı Azərbaycan klublarının bu turnirdə 200-cü oyunu olub. Bu komandalar arasındakı cavab matçı iyulun 20-də Polşada olacaq. |
|
Xəbər 1025 dəfə oxundu. |
|
|