Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
İyulun 3-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

ASTF-dən bildirilib ki, turnirin açılış mərasimində Federasiyanın vitse-prezidenti Fazil Məmmədov çıxış edərək ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını vurğulayıb. Bütün bunların nəticəsidir ki, Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir. Federasiyanın vitse-prezidenti ölkəmizdə digər idman növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu idman növünə uşaq və yeniyetmələrin getdikcə artan marağını diqqətə çatdırıb.

Sonra yarışlara start verilib. On iki və daha kiçik yaşlı idmançılar arasında keçirilən turnir şəxsi xarakter daşıyır. Yarışda Bakı, Sumqayıt, Gəncə şəhərlərindən, Şəki, Şabran, Gədəbəy rayonlarından 100-dən çox idmançı iştirak edir.

Azərbaycan birinciliyinə iyulun 6-da yekun vurulacaq, qaliblərə medallar və mükafatlar təqdim ediləcək.

Xəbər 1290 dəfə oxundu.