Azərbaycan qrossmeysterləri Avropa çempionatının liderlərindən yarım xal geridədir
Belarusun paytaxtında keçirilən Avropa çempionatının ilk üç turunda doqquz şahmatçı bütün oyunları qələbə ilə başa vurub. Bu gün dördüncü tur keçiriləcək.

45 iştirakçı, o cümlədən Azərbaycan qrossmeysterləri Nicat Abbasov və Arkadi Naydiç liderlərdən yarım xal geridədir. Beynəlxalq dərəcəli usta Vüqar Əsədlinin və qrossmeyster Rauf Məmmədovun aktivlərində iki xal var. Eltac Səfərli 1,5 xal, Orxan Abdulov 1 xal, beynəlxalq dərəcəli usta Nərmin Xələfova, FIDE ustası Kənan Qarayev və Rəvan Əliyev yarım xal toplayıblar.

Yarışda 38 ölkədən təqribən 400 şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

2017-ci ilin Avropa çempionatı Gürcüstanda keçiriləcək növbəti Dünya Kuboku turnirinə seçmə mərhələdir. Beynəlxalq Şahmat Federasiyasının əsasnaməsinə görə, turnirin 22 ən yaxşı şahmatçısı Dünya Kuboku yarışlarına vəsiqə qazanır.

Xəbər 1414 dəfə oxundu.