Taekvandoçularımız “Bakı-2017”ni 6 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarının sonuncu günündə - mayın 18-də Azərbaycan idmançıları bir qızıl və bir bürünc medal qazanıblar. Bununla da taekvandoçularımız İslamiadada 6 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar.

Bakı İdman Sarayında keçirilən yarışların üçüncü günündə kişilər arasında 63, 74 və 87, qadınların mübarizəsində isə 62 və 73 kiloqram çəki dərəcələrində idmançılar mübarizə aparıblar. Yarışların sonuncu günündə Azərbaycanın üç kişi və bir qadın idmançısı gücünü sınayıb.

İdmançımız Ramin Əzizov (87 kq) finalda iranlı Əhməd Məhəmmədiyə 16:14 hesabı ilə qalib gələrək İslamiadada Azərbaycan taekvandoçularının aktivinə altıncı qızıl medalı yazdırıb. Bürünc medalları isə Türkiyə idmançısı Sərdar Yüksəl və Kot D`İvuar təmsilçisi Seydou Qbane əldə ediblər.

Qaliblərin mükafatlandırılması mərasimində idmançılara medalları Azərbaycan Taekvondo və Boks Federasiyalarının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

“Bakı-2017”də Azərbaycan taekvandoçularının aktivinə ilk bürünc medalı isə Məhəmməd Məmmədov (63 kq) yazdırıb. Təmsilçimiz yarımfinalda Qazaxıstan idmançısı Alimjan Serikbayevə 8:7 hesabı ilə məğlub olub. Bu çəki dərəcəsində qızıl medalı iranlı Mehdi Yusefi, gümüşü qazaxıstanlı Alimjan Serikbayev, digər bürünc medalı isə iordaniyalı Məhəmməd Asfur qazanıblar.

Ölkəmizi 74 kiloqram çəki dərəcəsində təmsil edən Səid Quliyev isə dörddəbir finaldakı ilk görüşündə Surinam idmançısı Toş Van Diykə 17:19 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Bu çəki dərəcəsində qızıl medalı özbəkistanlı Nikita Rafaloviç, gümüşü iranlı Əhməd Seyid Xosrovfar, bürünc medalları isə Surinam idmançısı Toş Van Diyk və iordaniyalı Anas Aladarbi əldə ediblər.

Qadınların mübarizəsində 62 kiloqram çəki dərəcəsində dörddəbir finalda dayanq üzərinə çıxan qadın idmançımız Darya Şkurko Mərakeş təmsilçisi Sukayna Əl Auniyə 8:10 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Bu çəki dərəcəsində qızıl medalı türkiyəli İrem Yaman, gümüşü özbəkistanlı Umida Abdullayeva, bürünc medalları isə Mərakeş təmsilçisi Sukayna Əl Auni və iordaniyalı Şahd Tarman aktivlərinə yazdırıblar.

Yarışlarda 73 kiloqram çəki dərəcəsi üzrə qadınların mübarizəsində qızıl medala türkiyəli Sude Bulut, gümüşə iranlı Melika Vakili Mirhüseyn, bürünc medallara qazaxıstanlı Cansel Deniz və iordaniyalı Vaad Tarman sahib olublar.

Beləliklə, “Bakı-2017”nin taekvando yarışlarında Azərbaycan idmançıları 6 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Qızıl medallara Yaprak Eriş (57 kq), Patimat Abakarova (49 kq), Ayxan Tağızadə (68 kq), Milad Beigi Hərçəqani (80 kq), Radik İsayev (+87 kq) və Ramin Əzizov (-87 kq) sahib olublar. Qaşım Maqomedov (54 kq) və Fəridə Əzizova (67 kq) gümüş, Məhəmməd Məmmədov (63 kq) isə bürünc medala layiq görülüb.

Komandamız Oyunlara kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçi Rəşad Əhmədov və qadınlardan ibarət millimizin baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə hazırlaşıb.

Xəbər 692 dəfə oxundu.