Azərbaycan taekvandoçularının “Bakı-2017”nin yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşib | |
IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarında yarımfinala yüksələn Azərbaycanın beş idmançısının bu mərhələdəki rəqibləri müəyyənləşib. Qadın taekvandoçularımızdan Rio Olimpiadasının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) yarımfinalda İran təmsilçisi Şalmei Sudabe Poursadiqi ilə qarşılaşacaq. Dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın (67 kq) yarımfinaldakı rəqibi Özbəkistan təmsilçisi Niqora Tursunkulova olacaq. Birinci Avropa Oyunlarının qalibi, klublararası qitə çempionatının qızıl medalçısı Ayxan Tağızadə (68 kq) Səudiyyə Ərəbistanı idmançısı Səud Al Muvallad ilə həlledici mərhələyə yüksəlmək üçün üz-üzə gələcək. Rio Olimpiadasının bürünc medalçısı Milad Beigi Hərçəqani (80 kq) İslamiadanın finalına yüksəlmək üçün iranlı Əlireza Dərvişpurla görüşəcək. Olimpiya çempionu Radik İsayev (87 kiloqramdan yuxarı) İordaniya idmançısı Hamza Kattan ilə finala vəsiqə uğrunda yarışacaq. Azərbaycan təmsilçilərinin yer almadığı qadınlar arasında 73 kiloqram çəki dərəcəsində türkiyəli Nafia Kuş yarımfinalda Kot Kot D`İvuar idmançısı Çarlene Aminata Traore ilə gücünü sınayacaq. Həmin çəki dərəcəsində digər yarımfinal görüşündə özbəkistanlı Svetlana Osipova İran təmsilçisi Akram Xodabandehlə növbəti mərhələyə vəsiqə qazanmaq üçün üz-üzə gələcək. |
|
Xəbər 582 dəfə oxundu. |
|
|