Ağır atletika yarışlarının dördüncü günündə Azərbaycan idmançısı bürünc medala layiq görülüb | |
Mayın 16-da İslamiadanın ağır atletika yarışlarının dördüncü günündə 77, 85 və 94 kiloqram çəki dərəcələrində çıxış edən kişi idmançılar arasında qaliblər müəyyənləşib. Yarışların dördüncü günündə Azərbaycanı Əfqan Bayramov (77 kq), Kamran İsmayılov, Ceyhun Tağızadə (85 kq), Nailxan Nəbiyev və Rövşən Fətullayev (94 kq) təmsil ediblər. Yarışlarda 77 kiloqram çəki dərəcəsində mübarizədə 348 kiloqramı (158+190) baş üzərinə qaldıran misirli Mahmoud Mohamed qızıl medal qazanıb. Gümüş medala iraqlı Ahmad Faro Al Huseyn (320 kq, 141+179), bürünc mükafata isə türkiyəli Cəlil Erdoğdu (319 kq, 146+173) layiq görülüb. Əfqan Bayramov 297 kiloqram (132+165) nəticə ilə yarışı doqquzuncu sırada başa vurub. İslamiadada 85 kiloqram çəki dərəcəsində mübarizənin qalibi iraqlı Safa Alcumaili olub. O, 346 kiloqramı (152+194) ram edərək qızıl medala sahib olub. Özbəkistanlı Uluqbek Alimov (339 kq, 151+188) və Səudiyyə Ərəbistanı təmsilçisi Xəlil Əl Hamqan (329 kq, 147+182) müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. Bu çəki dərəcəsində yarışan ağır atletlərimiz Ceyhun Tağızadə 324 kiloqram (148+176 kq) nəticə ilə beşinci, Kamran İsmayılov isə 312 kiloqram (142+170 kq) göstərici ilə yeddinci yerdə qərarlaşıblar. Gün ərzində sonuncu – 94 kiloqram çəki dərəcəsində yarışda qızıl medal uğrunda 13 atlet gücünü sınayıb. Azərbaycan idmançısı Rövşən Fətullayev 376 kiloqramlıq (165+211 kq) nəticə ilə bürünc mükafata yiyələnib. İranlı Seyedayub Mousavi Carahi 381 kiloqramı (169+212) başı üzərinə qaldıraraq hamıdan üstün olub. Gümüş medala toplam 380 kiloqram (170+210 kq) nəticə göstərən Özbəkistan idmançısı Farxodbek Sobirov layiq görülüb. Bu çəki dərəcəsindəki digər təmsilçimiz Rövşən Nailxan Nəbiyev isə toplam 360 kiloqramlıq (162+198 kq) nəticə ilə sıralamada yeddinci olub. Qalib idmançılara medalları Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz Əl-Nassar və ABŞ-ın Ağır Atletika Federasiyasının prezidenti Ursula Papandrea təqdim edib. |
|
Xəbər 684 dəfə oxundu. |
|
|