Əfran İsmayılov: “Çempionluq barədə danışmaq tezdir” | |
Martın 15-də Unibank Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilmiş “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovun mükafatlandırma mərasimi keçirilib. İdman.com.az saytının məlumatına görə, tədbirdə 24 yaşlı yarımmüdafiəçiyə PFL tərəfindən hədiyyələr, baş sponsor tərəfindən isə 1111 manat pul mükafatı təqdim olunub. Mərasimindən sonra İsmayılov ilin futbolçusu olmağa çalışacağını bildirib: “Açığı, qalib olacağımı gözləmirdim. İşimiz futbol oynamaqdır. Hazırda bütün diqqətimizi ölkə çempionatı və kubok mübarizəsinə yönəltmişik. Sağ olsunlar ki, belə nominasiya təsis ediblər. Bu addım insanı daha da stimullaşdırır”. Futbolçu “Qarabağ”ın çempionluğu barədə hələ düşünmədiyini də söyləyib: “Qarşıda çətin oyunlar var. Hələ çempionluq barədə danışmaq tezdir”. İsmayılov hər bir müdafiəçiyə qarşı oynamağın çətin olduğunu da vurğulayıb. Qeyd edək ki, “ayın futbolçusu” sorğusunda Unibank Premyer Liqasının 12 klubu və 33 KİV nümayəndəsi iştirak edib. Respondentlər ilk dəfə 16 namizəd irəli sürüblər. İsmayılovun namizədliyini jurnalistlərin 33 faizi dəstəkləyib. 24 yaşlı yarımmüdafiəçi baş məşqçilər və komanda kapitanları arasında 22 mümkün səsdən 6-nı qazanıb. |
|
Xəbər 929 dəfə oxundu. |
|
|