“Bakı-2017”: Cüdo yarışlarının ikinci günündə idmançılarımız 2 qızıl və 2 gümüş medal əldə ediblər | |
Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə atletlərimiz 2 qızıl və 2 gümüş medal əldə ediblər. Əvvəlcə 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev komandamızın aktivinə ilk qızıl medalı əlavə edib. O, finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi üzərində ipponla qələbə qazanıb. Bu çəkidə bürünc medallara türkiyəli Batuhan Efemgil və Livan idmançısı Nasif Elias sahib olublar. Çəkisi 100 kiloqram olan kişilərin mübarizəsində finalda Azərbaycanın iki titullu cüdoçusu - dünya və Avropa çempionu Elxan Məmmədov ilə Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov qarşılaşıb. Rəqibini ipponla məğlub edən Elxan Məmmədov “Bakı-2017”nin qalibi olub. Bu çəki dərəcəsində üçüncü yeri Əlcəzair idmançısı Lyes Buyakub və Birləşmiş Ərəb Əmirlikləri cüdoçusu İvan Remarenko tutublar. Qadınların yarışında 78 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska finalda türkiyəli rəqibi Kayra Sayıta məğlub olaraq gümüş medalla kifayətlənib. Bu çəkidə bürünc medal əlcəzairli Sonya Asselahın aktivinə yazılıb. Digər çəki dərəcələrində kişi idmançıların yarışında iranlı Sayed Mollaei (81 kq) və Qırğızıstan təmsilçisi Yuri Krakovetski, qadınlarda isə özbəkistanlı Gülnoza Matniyazova (70 kq) və Tunis idmançısı Sarra Mzuqi (78 kq) IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qalib idmançıların mükafatlandırılması mərasimlərində medalları atletlərə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin brend və nişanlar üzrə direktoru Daniel Tomlinson təqdim ediblər. |
|
Xəbər 790 dəfə oxundu. |
|
|