Tofiq Heydərov: “Beynəlxalq Ağır Atletika Federasiyası dünya ölkələrinə Azərbaycanı nümunə göstərir”
IV İslam Həmrəylik Oyunları çərçivəsində 13-17 may tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə yarışlar davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti və ağır atletika yığma komandasının baş məşqçisi Tofiq Heydərov AAAF TV-yə müsahibə verib. O, yarışların ilk günündə iştirak edən idmançılarımızın çıxışına toxunub: “Çox sevinirəm ki, ilk gündə bürünc medal qazana bildik, özü də bu mükafatı yeniyetmə idmançımız əldə etdi. Səbinə Əzimovanın çıxışından çox razı qaldım. Digər idmançılarımızdan biri 4-cü, digər iki nəfər isə 6-cı yeri tutmağı bacardı. Bunlar çox yaxşı nəticələrdir. Onu da deyim ki, yarışlara gələn qonaqlar Azərbaycanın idman ölkəsi olduğunu görürlər. İnanıram ki, bu yarışlarda hədəfimiz olan medalları qazanacağıq”.

Vitse-prezident Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən AAAF-a verilən xüsusi təşəkkürnamə haqda da danışıb: “Beynəlxalq Ağır Atletika Federasiyası ölkədə ağır atletikaya göstərilən qayğıdan çox razıdır. Onlar dünya ölkələrinə Azərbaycanı nümunə göstərirlər. Hazırda olduğumuzu Akademiya, həmçinin AAAF Parkdakı mərkəzi baza, Liseyimiz, həmçinin digər zallarımız, yaradılan infrastrukturla tanış olandan sonra müsbət mənada böyük təəccüb hissi yaşayırlar. Ona görə də, ağır atletika üçün etdiklərimizi qiymətləndirdilər və bizə xüsusi təşəkkür mükafatı təqdim etdilər. Buna görə onlara çox sağ ol deyirəm”.

Tofiq Heydərov yarışların yüksək təşkilatçılıq səviyyəsində keçməsi, ümumilikdə ölkəmizdə idmanın inkişafı üçün verdiyi dəstəyə, göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə də təşəkkürünü bildirib.

Xəbər 765 dəfə oxundu.