Azərbaycanın kişi və qadın voleybolçuları “Bakı-2017”yə qələbə ilə başlayıblar | |
Mayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarına start verilib. “Baku Crystal Hall”da kişilərin yarışında 10 komanda 2 qrupda, qadınların yarışında isə 4 komanda dairəvi sistem üzrə birincilik uğrunda mübarizə aparır. Qadınların yarışında Azərbaycan millisi ilk görüşdə Qırğızıstan yığması ilə qarşılaşıb. Voleybolçularımızın üstünlüyü şəraitində keçən görüşdə millimiz 3:0 (25:7, 25:3 və 25:8) hesabı ilə qələbə qazanıb. Türkiyə millisi isə Tacikistan voleybolçularını sınağa çəkib. Hər üç setdə möhtəşəm oyun nümayiş etdirən türkiyəli voleybolçular IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıblar – 3:0 (25:8, 25:6 və 25:7). Kişi voleybolçuların “A” qrupunda ilk görüş Türkiyə və Türkmənistan komandaları arasında oynanılıb. Bu dəfə də görüş türkiyəli voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb (25:16, 25:14 və 25:22). Günün sonuncu oyununda isə Azərbaycan millisi Pakistan yığması ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə millimiz rəqibini 3:0 (25:22, 25:18 və 25:21) hesabı ilə məğlub edib. |
|
Xəbər 621 dəfə oxundu. |
|
|