IV İslam Həmrəyliyi Oyunları Qətər mətbuatının diqqət mərkəzində
Aprelin 25-26-da Qətər mətbuatında Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bir sıra yazılar nəşr edilib.

Ölkənin ərəbdilli “Əl-Şərq” və “Əl-Raya”, eləcə də ingilisdilli “The Peninsula” qəzetlərində dərc edilmiş yazılarda 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyi və həmin il çərçivəsində bir çox tədbirlərin, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi qeyd olunub.

Məqalələrdə İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədinin İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişafı olduğu qeyd edilir. Mayın 12-22-də Azərbaycanda keçiriləcək Oyunlarda 57 müsəlman ölkəsindən 5 mindən artıq idmançının yarışacağı bildirilir.

Azərbaycanın tarixən İslam mədəniyyətinin ən mühüm mərkəzlərindən biri olduğu, İslam dininin yayılması və İslam intibahının bərqərar olmasında mühüm rol oynadığı qeyd edilən məqalələrdə 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunduğu diqqətə çatdırılır.

Səfir Qətərin “İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycanda təşkil ediləcək tədbirlərdə, o cümlədən İslam Həmrəyliyi Oyunlarında, eləcə də cari il mayın əvvəlində ölkəmizdə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yüksək səviyyədə iştirakının nəzərdə tutulduğunu və bunun Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edir. Həmçinin idman yarışlarını canlı izləmək istəyən əcnəbi vətəndaşlar üçün bütün şəraitin yaradıldığı qeyd edilir.

AZƏRTAC

Xəbər 590 dəfə oxundu.