Şəhriyar Məmmədyarov “Shamkir Chess-2017”də liderliyi beşinci turda da davam etdirib | |
Aprelin 25-də Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” şahmat turnirinin beşinci turunun görüşləri keçirilib. “Synergy Group” tərəfindən təşkil olunan yarışın lideri, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beşinci turda qara fiqurlarla Hindistan təmsilçisi Pentala Harikrişna ilə heç-heçə oynayıb. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbov İngiltərə təmsilçisi Maykl Adams ilə heç-heçə edib. Beşinci turda Bolqarıstan təmsilçisi Veselin Topalov Rusiya şahmatçısı Sergey Karyakinə məğlub olub. ABŞ təmsilçisi Uesli So isə rusiyalı Vladimir Kramniki məğlub edib. Ukraynalı Pavel Elyanov və polşalı Radoslav Voytaşek şahmat taxtasından heç-heçə ilə ayrılıblar. Beləliklə, beş turdan sonra Ş.Məmmədyarov 3,5 xalla turnir cədvəlinin vahid lideridir. Aktivlərində 3 xal olan P.Elyanov və M.Adams 2-3-cü yerləri bölüşdürürlər. V.Topalov, U.So, S.Karyakin və V.Kramnik 2,5 xalla 4-7-ci sıradadırlar. R.Voytaşek və T.Rəcəbov 2 xalla 8-9-cu yerləri bölüşdürürlər. P.Harikrişna isə 1 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. |
|
Xəbər 599 dəfə oxundu. |
|
|