Rafael Ağayev və Ayxan Mamayev Rabatda Karate I Premyer Liqasının qalibi olublar | |
Rafael Ağayevlə (75 kq) Ayxan Mamayev (84 kq) Mərakeşin paytaxtı Rabatda Karate I Premyer Liqasının qalibi olublar. Dünya Karate Federasiyasının (WKF) növbəti nüfuzlu turnirində 8 nəfərlik heyətdən Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) isə bürünc medal uğrunda döyüşlərdə qələbəni əldən veriblər. Bu mötəbər yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçisi Seymur Hüseynovla birgə heyətin əsas üzvləri, eləcə də qadınlardan digər legionerimiz Dorota Balciarova (kata) tatamiyə çıxıb. Federasiyanın hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevə hakimləri təyin etmək üçün tatami menecerinin köməkçisi, videotəkrarlara məsul hakim və final döyüşlərini idarə etmək, kata və kumitedə dəfələrlə əsas hakim kimi turnirin ən məsuliyyətli işləri həvalə olunub. Azərbaycanın Mərakeş krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik Əliyev idmançılarımızı dəstəkləmək məqsədilə yarışları izləyib. Federasiyanın 1-ci vitse-prezidenti və milli komandanın baş məşqçisi vəzifəsini icra edən Rəhman Hətəmov rəhbərlik və heyət adından səfirə təşəkkürünü bildirib. Beynəlxalq reytinq xalları verən bu nüfuzlu yarışa 34 ölkədən 384 idmançı qatılıb. Premyer Liqa turnirinin son günü qala gecədə iştirakçı ölkələrə xatirə hədiyyələri təqdim edilib. WKF prezidenti Antonio Espinos mərasimdə R.Hətəmova Azərbaycan karateçilərinin hər zaman yüksək səviyyəli çıxışlarından məmnun olduğunu bildirib. |
|
Xəbər 995 dəfə oxundu. |
|
|