“Bakı-2017”nin könüllüləri arasında velosiped yarışı keçirilib
Aprelin 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “Bakı-2017”nin könüllüləri arasında velosiped yarışı keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd sağlam həyat tərzini təbliğ etmək, gənclər arasında idmana həvəsi artırmaq, eləcə də “Bakı-2017” könüllülərinin asudə vaxtlarının səmərəli təşkili olub.

Bakı Ağ Şəhər bulvarında keçirilən velosiped yarışında 150-dən çox könüllü mübarizəyə qoşularaq bir kilometr məsafə qət edib və bacarıqlarını nümayiş etdiriblər. Yarışın təsnifat mərhələsi hər birində 13 könüllünün iştirak etdiyi turlardan ibarət olub. Bu turların qalibləri final mərhələsində yarışmaq hüququ əldə ediblər. Gərgin mübarizə şəraitində keçən final mərhələsinin sonunda finiş xəttinə ilk çatan beş könüllü qalib elan olunub.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru, könüllülərin səfiri Elçin Səfərov yarışla bağlı qeyd edib ki, Oyunların başlanmasına təxminən bir ay vaxt qalıb. Bu Oyunlarda könüllülərimiz stadionlarda öz funksiyalarını yerinə yetirəcəklər. Bizim velosiped yarışlarını təşkil etməkdə məqsədimiz Oyunlardan əvvəl könüllüləri bir yerə toplamaq və Azərbaycanda idmanın təbliğinə xüsusi diqqəti ayırmaqdır. Bugünkü yarışı Azərbaycan Velosiped İdmanı Federasiyasının hakimləri idarə edirlər. Yarış zamanı iştirakçıların təhlükəsizlik məsələləri təmin olunur. Ümid edirəm ki, burada iştirak edən gənclər gələcəkdə velosiped idmanı ilə məşğul olmağa xüsusi diqqət yetirəcəklər.

Velosiped idmanın təbliğinin əhəmiyyəti barədə danışan Elçin Səfərov deyib: “Velosipeddən istifadə həm sağlamlığa, həm nəqliyyat sıxlığının aradan qalxmasına, həm də ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfədir. Bu velosiped yarışını keçirməklə həmin məsələlərə diqqəti artırmaq istiqamətində addım atmaq istədik”.

Tədbirdə “Bakı-2017”nin idmançı səfiri Aynur Rzayeva da iştirak edərək könüllülərə dəstək olub.

Sonda yarışın mükafatlandırma mərasimi keçirilib. Qaliblərə velosiped hədiyyə olunub.

Xəbər 997 dəfə oxundu.