Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş kikboksinq turniri keçiriləcək
“Milli Qəhrəman Çingiz Qurbanovun rəşadəti gənclərdə döyüş ruhu və mübarizə əzmini daha da gücləndirib. Təkbətək döyüş növləri arasında xüsusi yeri olan kikboksinq isə əsl döyüşçü xarakterinin formalaşmasına xidmət edir. Buna görə də peşəkar kikboksinqçilərin qəhrəman şəhidimizin xatirəsinə həsr olunmuş turnirini keçirməyi qərara aldıq”.

Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Kikboksinq Federasiyası və “Judo Club 2012” idman klubunun birgə təşkil etdiyi turnir aprelin 12-də Milli Qəhrəman Çingiz Qurbanovun doğulub boya-başa çatdığı Qusar rayonundakı Olimpiya İdman Kompleksində keçiriləcək. Ölkəmizin peşəkar kikboksçuları qalib adı uğrunda 7 çəki dərəcəsində yarışacaqlar.

Turnirin qaliblərinə müvafiq diplom və pul mükafatı təqdim olunacaq.

Xatırladırıq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Bu il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə Sərəncam imzalayıb.

Xəbər 955 dəfə oxundu.