“Azəravtoyol”un nümayəndəsi Əbu-Dabidə Beynəlxalq Triatlon Çempionatının qalibi olub
“Azəravtoyol” ASC-nin Yolların İstismarı Proqramı layihəsində Texniki Dəstək üzrə məsləhətçi, 74 yaşlı Robert Butler Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Beynəlxalq Triatlon Çempionatında ən yaşlı iştirakçı olaraq birinci yerə layiq görülüb.

R.Butler bu nailiyyəti 1500 metr məsafəyə üzməklə, 40 kilometr məsafəni velosipedlə qət etməklə və 10 kilometr məsafəyə qaçmaqla əldə edib. O, bunu 70 yaşdan yuxarı iştirakçılar arasında 2 saat 56 dəqiqə 17 saniyə göstəricisi ilə yerinə yetirməyə müvəffəq olub. Bu nəticə ilə 60 yaşdan yuxarı iştirakçılar arasında isə 11-ci olub.

R.Butler 2009-cu ildə, 66 yaşında Avstriyada keçirilən analoji beynəlxalq yarışda dayanmadan 12 saat ərzində 3,8 kilometr məsafəni üzərək, 180 kilometr məsafəni velosipedlə və 42 kilometrlik məsafəni qaçaraq qət etməyə müvəffəq olub.

Xəbər 1086 dəfə oxundu.