Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi olub
Martın 10-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib.

Əvvəlcə yarışda iştirak edən ölkələrin bayraqları Heydər Əliyev adına İdman Sarayında səhnəyə gətirilib. Sonra Azərbaycanda cüdonun inkişafından bəhs edən videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın mötəbər yarışlara və tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib. Nazir müavini dövlətimizin başçısı İlham Əliyevin idmana, idmançılara göstərdiyi qayğının böyük uğurlara təkan verdiyini vurğulayıb və buna görə idmançılar adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Azərbaycanın 2015-ci ildə dünya idman tarixində ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan İ.İsmayılov cari ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının, Formula-1 Azərbaycan Qran-prisinin, qadın voleybolçular arasında Avropa çempionatının təşkil olunacağını diqqətə çatdırıb.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin açılış mərasimində iştirakdan məmnunluğunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürünü bildirən Marius Vizer cüdo yarışlarının da ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. O, Azərbaycanın cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcəyini bildirib.

“Böyük dəbilqə” turnirinin təşkilinin ölkəmizdə ənənə halı aldığını bildirən Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev idmanın bu növünün kütləviləşməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. R.Abdullayev ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” turnirini açıq elan edib.

Sonra Beynəlxalq Cüdo Federasiyasının və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Açılış mərasiminin bədii hissəsində Novruz bayramının elementlərini əks etdirən xüsusi şou təqdim olunub.

Martın 12-dək davam edəcək turnirdə 41 ölkədən 200-dən artıq idmançı iştirak edir.

Xəbər 900 dəfə oxundu.