Berti Foqts: «Azərbaycan mətbuatını oxumamağım, heç nədən xəbərimin olmaması demək deyil» - MÜSAHİBƏ
Bu gün AFFA-da keçirilmiş hesabat-seçki Konfransında, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts qonaq qismində iştirak edib. İdman.com.az saytının məlumatına görə, almaniyalı mütəxəssis seçkidən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Fələstinlə matçın nəticəsi FİFA-nın reytinq cədvəlindən çıxarılsa da, 0:2 hesablı məğlubiyyət heç vaxt yaddan çıxmayacaq. Bununla bağlı siz nə düşünürsünüz?
- İlk növbədə Rövnəq Abdullayevi yenidən AFFA-nın prezidenti seçilməsi münasibəti ilə təbrik edirəm. O, son 4 ildə futbolun inkişaf etdirilməsi üçün xeyli iş görüb, bu işləri qarşıdakı illərdə də davam etdirəcəyinə inanıram. Yəni bu gün Azərbaycan futbolu üçün önəmli və böyük gündür. Qaldı Fələstinlə oyuna, yalnız bu matç haqda danışmaq istəmirəm. İstərdim ki, Dubayda olduğumuz müddətdə keçirdiyimiz 3 matçın hamısına toxunum. Yeddi gündə üç oyun keçirdik. Toplanışa qədər isə Premyer Liqada cəmi iki tur keçirilmişdi. Futbolçular hazır deyildilər. Yoldaşlıq oyunları zamanı 8 gənc futbolçuya özlərini göstərmələri üçün şans vermişdik. Baş məşqçi kimi, məğlubiyyətdən heç vaxt razı qala bilmərəm və artıq özüm üçün müəyyən nəticələr qəbul etmişəm. Atacağım addımları isə qarşıdakı oyunlar zamanı görəcəksiniz. Bizim futbolçular 7 gün ərzində 3 oyun keçirməyə hazır deyillər. Onlar formada olmadıqlarına görə, qısa vaxt ərzində 3 beynəlxalq oyunda oynamaları mümkün deyildi.

- Saşa Yunisoğlu Avstriya ilə ötən il Bakıda keçirilən AÇ-2012-nin qrup oyunu zamanı qırmızı vərəqə aldığına görə 5 min dollar məbləğində cəzalandırılıb. Amma Dubaydakı ilk oyundan sonra 5 futbolçu barda əyləndiklərinə görə cəmi 45 dəqiqəlik qaçışla cəzalarını bitmiş hesab ediblər. Bu nə dərəcədə düzgün qərardır?
- Onu deyim ki, həmin gün futbolçular azad idilər. Saşa gəlincə, rəsmi matçda komandanı azlıqda qoyub. Amma onların cəzası bununla bitmir. Həmin oyunçulara verilən cəza Saşaya veriləndən heç də yüngül deyil. Ancaq onlara hansı məbləğdə cərimənin verildiyini mətbuata açıqlamaq istəmirəm. Çünki bu komandanın daxili işidir.

- Maraqlıdır ki, 3 il əvvəl Almaniya ilə keçirilən oyunda Samir Abasov qırmızı vərəqə alaraq meydanı tərk etsə də, o, cərimə olunmamışdı. Amma Saşaya qarşı belə bir qərar qəbul etmisiniz…
- Oyunçularla bağlı qərarları baş məşqçi verir. Əgər Saşanın epizoduna diqqət yetirsəniz, o, lüzumsuz yerə qırmızı vərəqə aldı. Amma Samirin qırmızı vərəqə aldığı epizod taktiki “fol” idi. Həmin vaxt rəqib qol vura bilərdi. Ancaq Saşa meydanın mərkəzində rəqibə qarşı kobud oynadı. Bu haqda dəfələrlə futbolçulara xəbərdarlıq edilib. Komanda şurası var. Hansı ki, təcrübəli futbolçular orda yer alıb. Biz cəriməni, cəzanı onlarla birgə müzakirə edirik. Onu da qeyd edim ki, yığılan məbləğ sonda uşaqlar evinə xərclənir.

- Azərbaycan mətbuatını izləmədiyinizi deyirsiniz. Bu fikri səsləndirməklə yerli jurnalistlərə qarşı hörmətsizlik etdiyinizi düşünmürsünüz?
- Azərbaycan mətbuatını oxumuram, amma AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri yazılanlar haqda mənə məlumat verir.

- Yığmada komanda şurası olduğunu dediniz. Orada hansı futbolçuların yer aldığını açıqlaya bilərsiniz?
- İki kapitanımız – Rəşad Sadıqovla Mahir Şükürov daimi üzvdürlər. Təcrübəli və gənc futbolçuları da həmin komanda birliyinə qoşmağa çalışırıq.

- Nazim Süleymanovun iş prinsipi ilə bağlı nə deyə bilərsiniz? Çünki onu Dubaya apararkən, köməkçiniz olub-olmayacağına oradakı iş metodunu gördükdən sonra qərar verəcəyinizi demişdiniz...
- Nazim müəllimin işindən çox razı qaldım. Onun meydanda özünü necə aparmasını gördüm. Eləcə də qapıçılarla işləyən məşqçimiz Etibar Tarverdiyevin də adını qeyd edə bilərəm. Yəni bu toplanış yalnız yeni oyunçular üçün deyil, həm də yeni mütəxəssislər üçün bir sınaq idi. Hər iki mütəxəssisin iş prinsipindən razı qaldım və AFFA rəhbərliyindən onlarla müqavilə imzalamağı xahiş edəcəyəm.

Xəbər 1122 dəfə oxundu.