Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının nümayəndə heyəti ilə “Bakı-2017” Əməliyyat Komitəsində görüş keçirilib | |
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) rəhbərliyi ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirsin görüşü olub. Görüşdə Oyunlara hazırlıq işlərinin gedişi, media akkreditasiya məsələləri, yerli və beynəlxalq mətbuat nümayəndələri üçün yaradılacaq şərait və s. məsələlər müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb. Ceyn Pirs bildirib ki, “Bakı-2017”ə İslam Həmrəyliyi İdman Federasiyasına üzv olan 57 ölkədən idmançıların qatılması nəzərdə tutulur. İndiyədək 53 ölkə qeydiyyatdan keçib. Avropadan Oyunlara Türkiyə və Albaniya atletləri qatılacaqlar. Onlar idmanın 21 növü üzrə mübarızə aparacaqlar. Media akkreditasiyası martın 31-dək davam edəcək. İndiyədək 300-dən çox KİV nümayəndəsi qeydiyyatdan keçib. Onların arasında yerli jurnalistlər üstünlük təşkil edirlər. Diqqətə çatdırılıb ki, mötəbər beynəlxalq tədbirlərin və yarışların yüksək səviyyədə işıqlandırılması sahəsində zəngin təcrübəyə malik AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşıdır. Bu barədə dekabrın 15-də AZƏRTAC ilə “Bakı-2017” Əməliyyat Komitəsi arasında müqavilə imzalanıb. Bir neçə ildir AİJA tərəfindən ardıcıl “İdmanı işıqlandıran ən yaxşı informasiya agentliyi” elan olunan AZƏRTAC ölkəmizin ev sahibliyi etdiyi “Bakı-2015” birinci Avropa Oyunlarının da rəsmi media tərəfdaşı olub. Söhbət zamanı IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti xüsusi vurğulanaraq, bu mötəbər tədbirin işıqlandırılması üçün AZƏRTAC ilə yanaşı, Azərbaycanın media təmsilçilərinin milli, peşəkar yaradıcılıq birliyi olan AİJA-nın da “Bakı-2017”ə informasiya dəstəyi göstərməsi məsələləri müzakirə edilib. Görüşdə Əməkdar jurnalistlər, Azərbaycan Milli Olimpiya Komitəsinin və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvləri – AİJA-nın prezidenti, AIPS AVROPA-nın İcraiyyə Komitəsinin üzvü Eldar İsmayılov, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev və “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev iştirak ediblər. Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar 2013-cü il iyulun 24-də İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunan VIII Baş Assambleyasında qəbul edilib. 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevadır. Mayın 12-də Bakı Olimpiya Stadionunda Oyunların təntənəli açılış, mayın 22-də isə bağlanış mərasimləri keçiriləcək. On gün ərzində Bakının idman arenalarında 57 ölkədən dörd mindən çox idmançının mübarizə aparacağı gözlənilir. AZƏRTAC |
|
Xəbər 595 dəfə oxundu. |
|
|