Dünya çemponumuz mübarizəsiz “Böyük İpək yolu”nun qalibi oldu
“Böyük İpək yolu” beynəlxalq boks turnirində finalçıların adları məlum olub. İdman.com.az saytının məlumatına görə, +91 kq çəkidə iştirakçı az olduğundan, bu gün final döyüşü keçirilməli idi. Ancaq Rusiya boksçusu İvan Veriasov rinqə çıxmadığından Məhəmmədrəsul Məcidov mübarizəsiz yarışın qalibi olub.

Digər çəkilərjə qızıl medallar uğrunda görüşlərə gəldikdə, 60, 75, 81 və 91 kq çəki dərəcələrində həlledici döyüşlərdə Azərbaycan idmançıları təmsil olunmayacaq. Ümumilikdə isə, 8 boksçumuz turnirin finalına vəsiqə qazanıb. 49 kq çəki dərəcəsində finalda iki həmyerlimiz – Tural Əhmədovla Salman Əlizadə üz-üzə gələcəklər. Əhmədovun Rusiya nümayəndəsi Pirverdi Nametovla görüşü 15:15 hesabı ilə başa çatsa da, hakimlər qələbəni həmyerlimizə verib. Avropa çempionu Salman Əlizadənin də qazaxıstanlı Temirtas Jusupovla qarşılaşması 11:11 hesabı ilə yekunlaşıb. Bu dəfə də hakimlər həmyerlimizin finala layiq olduğu qənaətinə gəliblər. Turnirin sensasiyalarından birinə Pərviz Bağırov (64 kq) imza atıb. Ötən il gənclər arasında Avropa çempionu olmuş boksçumuz böyüklər arasında qitə çempionatının bürünc mükafatçısı Aleksandr Solyanikovu (Rusiya) məğlub edib – 10:9.

69 kq çəki dərəcəsində Tamerlan Abdullayevlə Emil Məhərrəmov arasında da yarımfinal döyüşü gərgin mübarizə şəraitində keçib. Son ölkə çempionatının finalında da bu iki idmançı üz-üzə gəlmiş və həmin vaxt daha gənc Abdullayev qalib gəlmişdi. Bu dəfə isə Məhərrəmov rəqibini 12:9 hesabı ilə üstələyib. Millimizin üzvü finalda Anar Cəfərovu məğlub etmiş qazaxıstanlı Süleyman Berdukayevlə qarşılaşacaq. Gürcüstan komandası Bakıdan birbaşa Ukraynaya təlim-məşq toplanışına yollandığından, Elvin Məmişzadə və Heybətulla Hacəliyev gürcü rəqibləri ilə görüşmədən finala vəsiqə qazanıblar:

49 kq: Tural Əhmədov (Azərbaycan) – Salman Əlizadə (Azərbaycan)
52 kq: Oljas Sattibayev (Qazaxıstan) – Elvin Məmişzadə (Azərbaycan)
56 kq: Qriqori Nikolayçuk (Rusiya) – Şaban Şahpələngov (Azərbaycan)
60 kq: Berik Abdrəhmənov (Qazaxıstan) – Albert Səlimov (Rusiya)
64 kq: Heybətulla Hacəliyev (Azərbaycan) – Pərviz Bağırov (Azərbaycan)
69 kq: Emil Məhərrəmov (Azərbaycan) – Süleyman Berdukayev (Qazaxıstan)
75 kq: Pyotr Xamukov (Rusiya) – Elik Alcanov (Qazaxıstan)
81 kq: Almat Serimov (Qazaxıstan) – Tair Pirdamov (Rusiya)
91 kq: İvan Klimov (Rusiya) – Aleksey Sevostyanov (Qazaxıstan)

Xəbər 1172 dəfə oxundu.