Mahir Məmmədov: «Təşkilati bacarığımızı özgə ərazidə göstərməyimiz pis olmaz»
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Rusiyanın chesspro.ru saytına müsahibə verib. İdman.com.az saytı xəbər verir ki, M.Məmmədov müsahibəsində namizədlərin turnirinin Bakıda keçirilməməsindən təəssüflənsə də, London variantının da kompromis kimi hamını razı saldığını qeyd edib: «Bu il İngiltərə paytaxtında yay olimpiadası və Azərbaycanda idman ilidir. Bu halda öz təşkilati bacarığımızı özgə ərazidə göstərməyimiz pis olmaz. Əgər belə vəziyyət yaranıbsa, nə etmək olar?»

Turnirin rəsmi təşkilatçısının «Aqon» və ya AŞF olacağı barədə suala M.Məmmədov konkret cavab verə bilməyib: Bəlkə bu «Aqon» olacaq, bəlkə də Azərbaycan Şahmat Federasiyası, bəlkə də hansısa rolu FİDE üzərinə götürəcək – hələ ki, bunu bilmirəm. Əsas onu demək istəyirəm ki, Londonda biz özümüzü rahat hiss edəcəyik.

AŞF vitse-prezidenti namizədlər turnirinin qeyri-idman xarakterli səbəbdən Bakıya verilməməsindən təəssüfünü bildirərkən, belə halların gələcəkdə qarşısının alınmasının vacibliyini qeyd edib: «Məlumdur ki, 2020-ci il ümumdünya olimpiadasını keçirmək istəyən şəhərlərin mübarizəsində Bakı liderlərdən biridir. Əgər bu, baş verərsə, erməni idmançıların yaradacağı başağrısının nə dərəcəyə çatacağını ancaq təsəvvür etmək olar. Təsəvvür edin ki, müxtəlif idman növləri üzrə federasiyalar FİDE-nin bu qəribə təcrübəsi əsasında hansı çətinliklərlə üzləşəcəklər».

Xəbər 1260 dəfə oxundu.