Tələbələr arasında futbol üzrə Azərbaycan çempionatının açılışı olub
AFFA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və kolleclərin tələbələri arasında Azərbaycan çempionatının fevralın 22-də açılış mərasimi keçirilib.

“Bayıl Arena”da keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov yarışı açıq elan edib, çempionatda mübarizə aparan komandalara uğurlar arzulayıb.

Sonra Azərbaycanın dövlət himni səslənib.

F.Qurbanov UEFA-nın hakim-inspektoru Asim Xudiyevin 60 illik yubileyi münasibətilə ATFF-in təsis etdiyi mükafatı ona təqdim edib. Mərasimdə xüsusi qonaq qismində çıxış edən Regional Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü veteran futbolçu İsgəndər Cavadov topa ilk zərbəni vurub.

İlk oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Tibb Universitetinin komandaları qarşılaşıb. Görüşdə Akademiyanın tələbələri 6:0 hesabı ilə qalib gəliblər.

Xəbər 633 dəfə oxundu.