“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında dopinq nəzarətini təmin etmək üçün təlim təşkil olunub
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Pricewaterhouse Coopers Audit Azerbaijan” (PWC) şirkəti və “MİDA" MMC ilə birgə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında dopinq nəzarətini təmin etmək məqsədilə dopinq nəzarəti əməkdaşları üçün təlim təşkil edib.

PWC şirkətinin Beynəlxalq Dopinq Xidməti üzrə mütəxəssisi Aleksandr Kirxbixler təlimlərin Almaniyadan gələn mütəxəssislər tərəfindən aparıldığını diqqətə çatdırıb.

O deyib: “Bizim təlimçilərimiz “Bakı-2015” ilk Avropa Oyunlarında da xidmət göstərmişdi. İkigünlük təlimdə dopinq nəzarəti əməkdaşları dopinq haqqında lazımi biliklərə yiyələnəcək və praktik çalışmalar yerinə yetirəcəklər. İnanırıq ki, təlim alan əməkdaşlar gələcəkdə Azərbaycanda keçiriləcək bütün idman yarışlarında nəzarəti yüksək səviyyədə təmin edəcəklər. Ümid edirəm ki, İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə və uğurla başa çatdırılacaq”.

Qeyd edək ki, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ötən il dekabrın 23-də yaradılıb. AMADA-nın əsas fəaliyyəti atletlərin dopinqsiz idmanda iştirakının fundamental hüquqlarını təmin etmək, milli antidopinq proqramını tərtib və təşviq etmək, Dünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara əsasən atletlərin testini təşkil etməkdir.

Xəbər 611 dəfə oxundu.