Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları başlayıb | |
Bakıda Milli Gimnastika Arenasında yeni Olimpiya dövrünün batut gimnastikası və tamblinq üzrə ilk dünya kuboku yarışı başlayıb. Yarışda 15 ölkədən 85 batutçu və tamblinqçi iki gün ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə aparacaq. Dünya kubokunun birinci günündə təsnifat yarışları keçirilir. Azərbaycanı bu yarışlarda fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edirlər. Ölkəmizdə 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə mötəbər tədbir - dünya kuboku artıq ikinci dəfədir təşkil olunur. Tamblinq üzrə dünya kuboku isə Azərbaycanda ilk dəfə keçirilir. Gimnastika yarışlarının daim yüksək səviyyədə təşkil olunması bu mötəbər turnirlərin də bir çox yeniliklərlə yadda qalacağını deməyə əsas verir. Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələrdə və fləşmoblarda da iştirak edə biləcəklər. Kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçulardan Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) mötəbər yarışda yer alıblar. Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar məharətlərini nümayiş etdirirlər. |
|
Xəbər 906 dəfə oxundu. |
|
|