Dövlət Sərhəd Xidməti Atçılıq Mərkəzinin yaradılmasının onuncu ildönümü qeyd edilib
Fevralın 11-də Dövlət Sərhəd Xidməti Atçılıq Mərkəzinin yaradılmasının onuncu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev, Gənclər və İdman Nazirliyinin nümayəndələri, idmançılar əvvəlcə hərbi hissənin ərazisinə baxış keçirib, yaradılan şəraitlə tanış olublar.

Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin ifasında marşlar və həzin musiqilər səsləndirilib, Mərkəzin fəaliyyətini və qazandığı nailiyyətləri əks etdirən film nümayiş olunub. Yubiley mərasimində xüsusi xoreoqrafiya üzrə “Qarabağ” və “Diliboz” atlarının üzərində Azərbaycan Respublikasının dövlət bayrağı meydana gətirilib, “Süvarilər” qrupu, island poniləri, çövkən komandaları, konkurçular, poloçular atlarla parad qaydasında manejə daxil olublar. Sonra “Süvarilər” qrupunun nümunəvi çıxışları nümayiş etdirilib, konkur elementləri üzrə yarış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idman sahəsində nailiyyətlərin ildən-ilə artdığı, atçılığın və atçılıq idmanının xüsusi diqqət mərkəzində saxlanıldığı, ölkəmizdə idmanın bu növünün inkişaf dövrünü yaşadığı bildirilib, Mərkəzin qazandığı nailiyyətlərdən bəhs olunub. Həmçinin Azərbaycanda “Çövkən” oyunlarında konkur və cıdır yarışlarında sərhədçi idmançıların qazandıqları uğurlar, 2015-ci ilin sentyabrında ilk dəfə olaraq Bakıda idman reytinqinə görə Avropanın ən güclü yığmalarının iştirakı ilə keçirilən Arena Polo üzrə 1-ci Avropa çempionatında milli yığmamızın qazandığı qələbədə sərhədçi idmançıların xüsusi rolu qürur hissi ilə qeyd edilib.

Bildirilib ki, “Sərhədçi” Atçılıq Mərkəzində təkmilləşdirmə prosesləri uğurla aparılıb, beynəlxalq standartlara cavab verən ən müasir infrastruktur yaradılıb. Mərkəz xidməti heyvanların dövlət sərhədinin mühafizəsində istifadəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində, eləcə də ölkəmizdə atçılıq idmanının təbliğində və inkişafında, idmançılarımızın yarış təcrübəsinin artırılmasında, gənc istedadların üzə çıxarılmasında, gənclərin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğində uğurlu fəaliyyət göstərir.

Tədbirin sonunda fərqlənən idmançılar və hərbi qulluqçular mükafatlandırılıblar.

Xəbər 1395 dəfə oxundu.