Şahin Diniyev: “Usta futbolçulara ehtiyac vardı” | |
Çempionatın “Zirə” – “Kəpəz” oyunundan sonra baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib. Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev matçla bağlı bunları deyib: “Belə oyundan sonra nəyinsə düzgün və səhv olduğunu demək üçün vaxta ehtiyac var. Müəyyən zaman keçəndən sonra dəqiq analiz etmək olar. 90 dəqiqə hücumda oynadıq, sadəcə, bir qol komandanı yıxdı. Rəqib qapısına uzaq məsafələrdən zərbələrlə qol vurmağa çalışdıq, amma alınmadı. 10 nəfərlə qalan komanda psixoloji, fiziki cəhətdən daha yaxşı oynayır, fədakarlıq göstərir. Bizdə tələskənlik vardı. Hamılıqla arxaya çəkilən ev sahiblərinin müdafiə xəttini yarmaq üçün usta futbolçulara ehtiyac vardı. Onların da sayı bizdə azdı. Az qol vurmağımız da bunun göstəricisidir. Kimisə günahlandırmaq istəmirəm, məsuliyyəti mən daşıyıram. İkinci dəfə acınacaqlı məğlubiyyətə düçar olduq, məncə, buna layiq deyildik. “İnter” ilə oyunda psixoloji cəhətdən sınan komanda özünə gəlməyib. Bu vəziyyətdən çıxmaq lazımdır. Özümüz düşdüyümüz quyudan çıxmalıyıq. “Zirə”ni təbrik edirəm, xarakter göstərdilər”. | |
Xəbər 717 dəfə oxundu. |
|
|