Formula-1 Azərbaycan Qran-prisi üçün yeni bilet seçimləri təklif edilir
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti endirimli bilet kampaniyasından sonra azarkeşlərə yeni bilet seçimləri təklif edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti fevralın 2-də ictimaiyyətə 2017 Formula-1 Azərbaycan Qran-prisi üçün yeni bir və ikigünlük biletləri təqdim edib. Biletlər əməliyyat şirkətinin rəsmi veb səhifəsi ilə yanaşı, Bakının aparıcı alış-veriş mərkəzlərində və digər ictimai əhəmiyyətli yerlərdə olan bilet satış nöqtələrində alıcılara təqdim olunur.

Xatırladaq ki, Bakıda növbəti Formula-1 yarışı iyunun 23-25-də təşkil olunacaq. BŞH-nin bilet satışı ilə əlaqədar apardığı ilk endirim kampaniyası yanvarın 31-də başa çatıb və azarkeşlər dörd günlük biletlərin otuz faizədək endirimli qiymətlərlə satıldığı bu kampaniyaya böyük maraq göstərərək Formula-1-in ən sürətli trekində yarışı izləmək üçün öz biletlərini indidən ən sərfəli qiymətə əldə ediblər. Kampaniya çərçivəsində 40-dan çox ölkədən bilet alınıb və xarici ölkələrdən Avstraliya və Çinin də olduğu bu siyahıda ən yüksək pilləni müvafiq ardıcıllıqla Rusiya və Böyük Britaniya tutub. Bir və ikigünlük biletlərin hər ikisi sadəcə tribunalar (Abşeron tribunası xaric olmaqla) üçün nəzərdə tutulub və bu biletləri əldə edən şəxslər dənizkənarı bulvar ərazisində yerləşən Formula-1 şəhərciyində keçiriləcək bir sıra əyləncə tədbirində, o cümlədən yarış həftəsonunun axşamlarında əsas səhnədə keçiriləcək konsert proqramlarında iştirak edə biləcəklər. Tribunalar üçün nəzərdə tutulan birgünlük biletlərin qiyməti 70-125 AZN, ikigünlük biletlərin qiyməti isə 180-440 AZN arasında dəyişir.

Xarici valyuta ilə ödəniş edənlər üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq. Digər tərəfdən, qiymətləri 200-690 AZN arasında dəyişən dörd günlük biletlərin satışı hazırda davam edir və bu biletləri əldə edənlər Formula-1 Azərbaycan Qran-prisi zamanı həftəsonunun hər üç günündə baş tutacaq yarışları izləməklə yanaşı, trekdən kənarda keçiriləcək əyləncə tədbirlərində və eyni zamanda, iyunun 22-də keçiriləcək pit-yolu yürüşündə də iştirak edə biləcəklər. Bundan başqa, yarışı ailəliklə izləmək istəyənlərə 2-15 yaşlarında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi “Gənc” biletləri təklif olunur. Bununla yanaşı, azarkeşlər müxtəlif mövqelərdən yarışı izləməyə imkan verən ayaqüstü yerlər üçün birgünlük biletlər də əldə edə bilərlər.

Ötən ilin yayında milyonlarla azarkeş Formula-1 təqvimində olan ən maraqlı yarışlardan birinə şahid oldular və bununla da Bakı Şəhər Halqası yarış ictimaiyyətinin rəğbətini qazanaraq böyük uğura yiyələnib. Bakıda keçirilən ilk yarışda Williams komandasının pilotu Valteri Bottas 366 kilometr/saat sürətlə hərəkət edərək “Bakı Şəhər Halqa”sına Formula-1 tarixində ən sürətli şəhər treki ünvanını qazandırıb. Hətta qeyri-rəsmi rəqəmlərə görə sözügedən sürətin 378 kilometr/saat həddə çatdığı qeydə alınıb. Bundan başqa, yenə Williams Racing komandası Felipe Massanın bolidinə ən sürətli pit-stop əməliyyatı keçirərək 2013-cü ildə ABŞ Qran-prisində əldə olunmuş 1,92 saniyəlik rekorda şərik olub.

BŞH-nin icraçı direktoru Arif Rəhimov bu gün elan olunan yeni bilet seçimləri haqqında deyib: “Biz növbəti yarış üçün biletlərin satışı ilə əlaqədar keçirdiyimiz ilk endirim kampaniyasına azarkeşlərin göstərdiyi böyük diqqətə görə olduqca şadıq. Bu, onu göstərir ki, Bakıda keçiriləcək ikinci Formula-1 yarışına həm ölkə daxilində, həm də ölkə xaricində maraq çox artıb. İndi isə biz bilet satışı ilə bağlı yeni mərhələyə qədəm qoyuruq. Biz bu yeni mərhələdə azarkeşlərə Bakıda keçiriləcək möhtəşəm yarışı trek boyunca müxtəlif yerlərdən izləməyə imkan verən fərqli bilet seçimlərini təklif edirik. Azarkeşlər bir, iki və ya dördgünlük biletlərdən hansını almaq istəyirlərsə, çalışıb indidən alsınlar və bu yay Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisini canlı izləmək fürsətini qaçırmasınlar”.

Bakının gözoxşayan mərkəzi küçələrində dünyanın ən sürətli avtomobillərinin mübarizəsinə yenidən şahid olmaq üçün beş aydan az zamanın qaldığı bir vaxtda Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün Formula-1 azarkeşlərinə müraciəti belədir: Mümkün qədər biletinizi tez alın və 2017-nin yayında Bakıda bizimlə birlikdə olmağa tələsin!

Yarış üçün bilet almaq və Bakıya səfəri indidən planlaşdırmaq barədə ətraflı məlumatı rəsmi veb səhifədən əldə etmək mümkündür: www.bakucitycircuit.com/az

Daha ətraflı məlumat üçün press@synergy.az ünvanı vasitəsilə əlaqə saxlayıb müraciət göndərmək mümkündür.

Xəbər 815 dəfə oxundu.