“Şahdağ” futbol klubunun oyunu təxirə salınıb | |
Futbol üzrə Azərbaycanın I Divizionunda çıxış edən Qusarın “Şahdağ” futbol klubunun fevralın 2-də keçirilməsi nəzərdə tutulan oyunu təxirə salınıb. Buna səbəb oyunun keçiriləcəyi Şövkət Orduxanov adına Qusar şəhər stadionunun qarla örtülməsidir. “Şahdağ” ikinci dövrənin ilk oyununda I Divizionun iddialılarından sayılan “Zaqatala” klubu ilə qarşılaşmalı idi. Klub nümayəndələri meydanı oyun gününədək hazır vəziyyətə gətirməyə çalışsa da, əlverişsiz hava şəraitinin davam etməsi buna imkan verməyib. Bununla əlaqədar Peşəkar Futbol Liqasının qərarına əsasən “Şahdağ”–“Zaqatala”, eləcə də “Göyəzən”– “Qaradağ Lökbatan” matçlarının keçirilmə tarixi dəyişdirilib. Bu oyunlar fevralın 27-nə təyin olunub. Qusarlıların “Zaqatala” ilə ilk dövrədəki oyunu 2-2 hesablı bərabərliklə nəticələnib. “Şahdağ” ilk dövrədə qazandığı 15 xalla 10-cu sırada qərarlaşıb. “Zaqatala” isə 13 oyundan sonra 28 xalla turnir cədvəlinin ikincisidir. |
|
Xəbər 810 dəfə oxundu. |
|
|