Vidadi Rzayev Gürcüstan səfərindən danışdı | |
Futbol veteranlarından ibarət Azərbaycan milli komandası bu günlərdə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Qış Kuboku” turnirində iştirak edib. Beynəlxalq status daşıyan mini-futbol yarışı 1 il əvvəl faciəvi şəkildə dünyasını dəyişmiş sabiq futbolçu və UEFA meneceri David Petriaşvilinin xatirəsinə həsr olunub. Gürcüstan və Azərbaycanla yanaşı, İspaniya, Türkiyə, Ukrayna və UEFA-nın yığma komandasının da qatıldığı turnirdə millimiz qrupda iki oyun keçirib. Yığmamız qrup mərhələsində İspaniya (2:5) və Ukraynanın (3:3) futbol veteranları ilə mübarizə aparıb. Komandamızın qonşu ölkəyə yollanan heyətində vaxtilə “Kəpəz”də çıxış etmiş Hüseyn Məhəmmədov, Arif Əsədov, Əli Abışov, Mahmud Qurbanov və Vidadi Rzayev yer alıb. Sonuncu Gürcüstan səfərini kapazpfc.az saytı ilə bölüşüb: "Yaxşı təəssüratlarla vətənə dönmüşük. Əvvəlcədən yarış təşkilatçılarına minnətdarlığımı bildirirəm ki, ötənlərin məşhur futbolçularını bir yerə yığmışdılar. Turnir yüksək səviyyədə düzənlənmışdi. Rəqiblərimizdən olan Ukrayna və İspaniya yığmalarının heyətində dövrünün ən güclü futbolçuları yer almışdı. Onlara qarşı mübarizə aparmaq bizə gözəl hisslər yaşatdı. Belə yarışlarda əsas önəmli olan veteranların bir araya gəlməsidir. Oyunlardan sonra ziyafət təşkil olunmuşdu. Bir sözlə, hər şey ürəyimizcə idi”. “Qış Kuboku”nda veteran futbolçular uzun müddət üzlərini görmədikləri tanışlarla görüşüb, ünsiyyət qurublar: “Gürcülər turnirə çox güclü heyətlə qatılmışdılar və elə bununda nəticəsində çempion oldular. Vaxtilə Türkiyənin “Ərzurumspor” klubunda mənimlə bir yerdə oynamış, amma soyadını xatırlamadığım David adlı komanda yoldaşımla görüşdüm. Əvvəllər bir-birimizə rəqib olmuş oyunçularla danışıb, söhbət etdik. Onları yenidən görmək xoş oldu”. Gəncə klubunda 19 yaşlı futbolçulardan ibarət komandanın baş məşqçisi olan Vidadi Rzayevin istəyi bu kimi yarışların mütəmadi keçirilməsidir. Veteranların bir araya gəlməsi baxımından belə turnirləri vacib hesab edən Rzayevin təklifi də var: “Futbol biz veteranları birləşdirən dəyərdir. Odur ki, belə turnirlərin keçirilməsini müsbət qiymətləndirirəm. Düşünürəm ki, bu kimi yarışlar tez-tez təşkil olunsa, daha yaxşı olar. Gürcüstan, İspaniya, Rusiya və Ukraynada veteranlar arasında çempionatlar keçirilir. Düzdür, bir ara Qəbələ, Oğuz, Naxçıvan və digər yerlərdə gedib oynadıq. Müntəzəm çempionat keçirilsə, veteranlardan ibarət yığmamız da xarici turnirlərə daha hazırlıqlı gedər və nəticə də qazanar (gülür)”. |
|
Xəbər 813 dəfə oxundu. |
|
|