Marius Vizer: 2018-ci ildə cüdo üzrə dünya çempionatı Bakıda təşkil ediləcək | |
Gələn il cüdo üzrə dünya çempionatı Bakıda təşkil ediləcək. Bunu Bakıda səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer yanvarın 6-da jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. IJF-in hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminarın əhəmiyyətini vurğulayan M.Vizer yüksək səviyyədə ev sahibliyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirərək deyib: “Bu böyük tədbirdə 100-dək ölkədən 400-ə yaxın nümayəndə iştirak edir. Seminarda qaydalarla bağlı bəzi dəyişikliklər iştirakçıların diqqətinə çatdırılacaq. Yeniliklər qaydaların daha da sadələşdirilməsinə, idmanın bu növünün dinamik inkişafına nail olmağa hesablanıb. Bizimlə əməkdaşlığa görə Azərbaycan dövlətinə, bu ölkənin Cüdo Federasiyasına minnətdarlığımı bildirirəm”, - deyə IJF prezidenti əlavə edib. Jurnalistlərin suallarını cavablandıran Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev belə mühüm idman tədbirinin ölkəmizin paytaxtında keçirilməsinə görə IJF-ə minnətdarlığını bildirərək deyib: “Dünya miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizdə cüdonun inkişafına təkan verir. Biz qonaqlara nəinki dünyada, o cümlədən Azərbaycanda cüdonun inkişafını göstərməyə çalışacağıq. Sevindirici haldır ki, cüdonun inkişafına dair dəyişikliklər bütün dünyaya Azərbaycandan bəyan olunur. Bu da bizim üçün böyük şərəfdir və ölkəmizdə cüdonun inkişafına təkan verir. Bu gün Azərbaycanda on minlərlə insanın idmanın bu növü ilə məşğul olması cüdonun gündən-günə populyarlaşmasının göstəricisidir. 2018-ci ildə cüdo üzrə dünya çempionatının Bakıda keçirilməsi Azərbaycanda cüdonun inkişafına böyük təkan verəcək. IJF bu barədə qərar qəbul edib və hazırda müvafiq məsələlərlə bağlı müzakirələr aparılır”. |
|
Xəbər 743 dəfə oxundu. |
|
|