Formula-1 Azərbaycan Qran-prisinin elçisi Könüllülər Mərkəzində olub
Formula-1 Azərbaycan Qran-prisinin könüllülərlə çalışacaq rəsmi elçisi, müğənni Miri Yusif dekabrın 26-da “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Könüllülər Mərkəzində olub.

Mərkəzdə yaradılan şəraitlə tanış olan elçi könüllülərin müsahibə prosesini izləyib. O, həmçinin könüllü olmaq üçün müraciət etmiş gənclərlə müsahibədə iştirak edib.

Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı olan BŞH-nin insan resursları şöbəsinin rəhbəri İranə Əhmədova gələn il iyunun 23-25-də Bakıda təşkil olunacaq növbəti Formula-1 yarışına üç min könüllünün cəlb olunacağını bildirib. Qeyd edib ki, müəyyən sahələrdə çalışacaq könüllülərin sayı artıq dəqiq müəyyənləşib. Bu mövsümdə biz könüllülərimizin fərdi inkişafına daha yüksək səviyyədə diqqət yetirəcəyik. BŞH-nin nəzdində yeni fəaliyyətə başlayan akademiya könüllülərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində fəaliyyət göstərir. Könüllülərin dil biliklərinin artırılması, qarşılaşa biləcəkləri çətinliklərə əvvəlcədən tam hazır olmaları və işgüzar fəaliyyətlərində yüksək peşəkarlığın təmin olunması qarşıya qoyulan vacib məsələlərdəndir. Qeydiyyat prosesinin açıq elan olunmasından sonra, qısa müddətdə dörd mindən artıq gənc könüllü olmaq üçün müraciət edib. Bu, müəyyən mənada bizim məsuliyyətimizi daha da artırır. Peşəkar işçi qüvvəsi komandası olaraq qarşımızda duran məsələ yaxşıların ən yaxşısını seçmək və onları peşəkar işçi səviyyəsinə çatdırmaqdır.

İ.Əhmədova bildirib ki, BŞH Akademiyası könüllülər üçün bir sıra təlimlər keçirəcək. Bu təlimlərin keçirilməsinə fevralın əvvəllərində start veriləcək. Bir neçə istiqamətdə aparılacaq təlimlərin əsas məqsədi könüllülərin şəxsi inkişafını təmin etmək və onların peşəkar səviyyədə təşkilatçılıq işlərinə hazırlamaqdır. Təlimlər zamanı könüllülər vaxtın düzgün idarə olunması, gərgin vəziyyətlərdə işin düzgün qurulması, konfliktlərin həlli, proyektin hərtərəfli idarə edilməsi, liderlik və başqa istiqamətlərdə əsas biliklərə yiyələnəcəklər. Bundan başqa, könüllülər üçün danışıq klubları da təşkil olunacaq. Əsas məqsəd gələn xarici qonaqların yüksək səviyyədə qarşılanması və düzgün məlumatlandırılması və onlara yerindəcə lazımi yardımın göstərilməsini təmin etməkdir.

Qeyd edək ki, yarışın daha dörd elçisi vardır. Tünzalə Ağayeva Azərbaycan Qran-prisinin ölkəmizdə tanıdılması işində yaxından iştirak edəcək. Murad Dadaşov BŞH-nin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubuna öz dəstəyini göstərəcək. Rəhim Əliyev Formula-1 idmanı sahəsində təcrübəsini və biliyini ölkə ictimaiyyəti ilə bölüşərək, Azərbaycanda yarışa daha böyük maraq oyatmağa çalışacaq. Gülhüseyn Abdullayev isə mübarizə apardığı avtoidman yarışlarında BŞH-ni təmsil edəcək, Azərbaycanın beynəlxalq arenada daha geniş təbliğində fəal rol oynayacaq.

Xəbər 751 dəfə oxundu.