Azərbaycan Premyer Liqasında XIV turunun oyunlarına start verilib | |
Dekabrın 17-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-cı ilin sonuncu - XIV turunun oyunlarına start verilib. İkinci dövrənin yekun turunun ilk qarşılaşması Qəbələdə oynanılıb. “Qəbələ” Gəncənin “Kəpəz” klubunu qəbul edib. Oyun Gəncədə keçirilməli olsa da, sonradan məkan dəyişdirilib. “Kəpəz” Azərbaycan kubokunun dörddəbir final mərhələsinin “İnter”lə cavab görüşünün də evdə keçirilməsini nəzərə alaraq, ot örtüyünün yararsız hala düşməməsi baxımından matçın Qəbələdə təşkil olunmasını istəyib. Oyun “Qəbələ”nin 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. “Qəbələ” 23-cü dəqiqədə Filip Ozobiçin qolu ilə hesabı açıb. İkinci hissənin sonlarına yaxın (78) Tural Axundov görüşdə tarazlığı bərpa edib. Final fitinə 6 dəqiqə qalmış Ruslan Qurbanov (84) yenidən qəbələliləri hesabda önə çıxarıb. Qeyd edək ki, görüşdə bütün qollar penalti zərbəsindən vurulub. |
|
Xəbər 750 dəfə oxundu. |
|
|