Azərbaycanın üç cüdoçusu beynəlxalq reytinq cədvəlində birinci pillədə qərarlaşıb | |
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. 2016-cı ilin yekun reytinq cədvəlində Avropa çempionu, Rio Olimpiya Oyunlarında Azərbaycana gümüş medal qazandıran Rüstəm Orucov (73 kq) yeni nailiyyətə imza atıb. Belə ki, cüdoçumuz 3010 reytinq balı yığaraq həm öz çəkisində 1-ci yerini qoruyub, həm də bütün çəki dərəcələri üzrə ən çox xal toplayıb. Cüdoçumuz neçə ildir bu göstəriciyə görə lider olan, ikiqat Olimpiya çempionu və dəfələrlə dünya çempionu fransalı Teddi Rineri (100 kq-dan yuxarı, 2800 xal) geridə qoyub. Rio Olimpiadasında Azərbaycana daha bir gümüş medalı qazandıran Elmar Qasımov (100 kq) 2524 xal toplayaraq öz çəki dərəcəsində liderliyini davam etdirir. Altmış kiloqram çəki dərəcəsində ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edən Orxan Səfərov bütün rəqiblərini qabaqlayaraq liderliyi ələ keçirib (1854 xal). Bu çəkidə mübarizə aparan daha bir cüdoçumuz İlqar Müşkiyev də 2 pillə irəliləyərək 1073 xalla 12-ci yerdə qərarlaşıb. Nicat Şıxəlizadə (66 kq) ötən ayla müqayisədə 1002 xal qazanaraq 9-cu pilləyə yüksəlib. Digər iki cüdoçumuz - Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) reytinq cədvəlində öz yerlərini qorumağa müvəffəq olublar. M.Mehdiyev 806 xal ilə 20-ci, U.Kokauri isə 866 xalla 18-ci yerdə qərarlaşıblar. |
|
Xəbər 737 dəfə oxundu. |
|
|