UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək
Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

İlk gündə səkkiz qarşılaşma keçiriləcək.

“E” qrupunda Rusiyanın MOİK klubu Almaniyanın “Bayer” komandasını qəbul edəcək. Almaniya təmsilçisi qələbə sayəsində növbəti mərhələni erkən təmin edəcək. Eyni ilə qrupun birincisi “Monako” (Fransa) evdə “Tottenhem”i (İngiltərə) məğlub edəcəyi halda növbəti mərhələni sığortalamış olacaq. “Tottenhem” isə yalnız qalibiyyət qazanarsa iddiasını davam etdirəcək.

“F” qrupunun lideri “Borussiya” (Almaniya) “Legiya”nı (Polşa) sınağa çəkəcək. “Real Madrid” isə Portuqaliyada “Sportinq”in qonağı olacaq. Dortmund təmsilçisi artıq adını onaltıdabir finala yazdıra bilib. Madrid klubu da ən azı heç-heçə sayəsində buna nail olacaq.

“G” qrupuna başçılıq edən “Lester” (İngiltərə) qrupun autsayderi “Brügge” (Belçika) ilə qarşılaşacaq. İngiltərə təmsilçisi bir xal qazanarsa, növbəti mərhələyə vəsiqəni rəsmən təmin edəcək. Paralel görüşdə isə “Kopenhagen” Danimarkada “Portu”nu qonaq edəcək.

“H” qrupunda isə mərkəzi matç İspaniyada keçiriləcək. “Sevilya” klubu “Yuventus”la (İtaliya) üz-üzə gələcək. Bu görüşün qalibi qrupda birinci yerə sahib çıxmaqdan əlavə, növbəti mərhələyə də vəsiqəni təmin etmiş olacaq. Dörd turdan sonra sıfır xala malik “Dinamo” klubu Zaqrebdə “Lion”la (Fransa) münasibətlərinə aydınlıq gətirəcək.

Xəbər 849 dəfə oxundu.