“Sumqayıt” “Qəbələ”ni son dəqiqədə qalibiyyətdən məhrum edib | |
Oktyabrın 25-də futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun növbəti matçı oynanılıb. Günün ilk oyununda “Sumqayıt” evdə turnir cədvəlinin hazırkı lideri “Qəbələ” komandasını qəbul edib. Matç böyük hesablı heç-heçə ilə başa çatıb. Belə ki, oyuna meydan sahibləri daha fəal başlayıblar. Komandaların qarşılıqlı hücumlarına baxmayaraq ilk hissədə qapılara top vurulmayıb. İkinci hissədə “Sumqayıt” “Qəbələ”nin qapısına yol tapmağı bacarıb. Hissənin ilk dəqiqəsində Yusif Nəbiyev hesabı açıb. Görüşün 64-cü dəqiqəsində qonaqların heyətində Rəşad Eyubov hesaba tarazlıq gətirib-1:1. Qarşılaşmanın 73-cü dəqiqəsində isə “Qəbələ” yenidən hesabda irəli çıxıb. Bu dəfə Filip Ozobiç “Sumqayıt”ın qolkiperi Fərhad Vəliyevi məyus edib. Lakin bu oyunda vurulan son qol olmayıb. Meydan sahibi komanda əlavə olunmuş vaxtın sonuncu dəqiqəsində hesabı öz xeyrinə dəyişə bilib. “Qəbələ”nin futbolçusu Sadiq Quliyev rəqibə qarşı cərimə meydançasında kobud oynayıb və baş hakim “Sumqayıt”ın lehinə penalti təyin edib. On bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Amil Yunanov hesabı bərabərləşdirib - 2:2. Beləliklə, mövsüm boyu qapısında bir top görən və bu oyunda ikisini buraxan “Qəbələ” xal ehtiyatını 21-ə çatdırıb. “Sumqayıt” isə 9 xalla 6-cı pillədə qalıb. |
|
Xəbər 908 dəfə oxundu. |
|
|