Tərəfdaşlıq müqaviləsinin müddəti uzadılıb
AFFA ilə “Hyundai”nin ölkəmizdəki rəsmi distribüteri olan “Auto Azərbaycan” şirkəti arasında tərəfdaşlıq müqaviləsinin müddəti uzadılıb.

Bakı Olimpiya Stadionunda keçirilən imzalanma mərasimindən sonra “Auto Azərbaycan” şirkətinin İdarə Heyətinin sədri Nasir Seyidzadə rəmzi açarı AFFA-nın baş katibi Elxan Məmmədova təqdim edib. E.Məmmədov isə üzərində Azərbaycan milli komandasının futbolçularının imzası olan futbolkanı şirkətə hədiyyə edib.

Şirkət artıq 4 ildir ki, AFFA-nın rəsmi tərəfdaşıdır. Şirkət bu müddət ərzində AFFA-nın qarajını “Hyundai” avtomobilləri ilə təmin edib. Tərəfdaşlıq müqaviləsinin daha 3 il müddətinə uzadılması ilə AFFA-nın qarajındakı avtomobillər yenilənəcək.

AFFA-nın baş katibi Elxan Məmmədov deyib: “Artıq 4-cü ildir ki, AFFA “Hyundai” şirkəti ilə əməkdaşlıq edir. İlk əməkdaşlıq müqaviləmiz 2012-ci ildə imzalanıb və bu gün həmin müqavilənin müddəti uzadıldı. Sevindirici haldır ki, ötən müddət ərzində dünyanın tanınmış brendi olan “Hyundai” Azərbaycan futbolunun yanında olub və bu əməkdaşlıq davam etməkdədir. Ölkə futboluna verdiyi töhfələrə görə AFFA rəhbərliyi adından “Hyundai”nin Azərbaycandakı rəsmi təmsilçisi olan “Auto Azərbaycan” şirkətinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

“Auto Azərbaycan” şirkətinin rəhbəri Nasir Seyidzadə bildirib ki, bu gün biz böyük məmnuniyyətlə AFFA ilə müqaviləmizin uzadılmasını qeyd edirik. Geridə qoyduğumuz 4 il ərzində milli komanda ilə tərəfdaşlıq “Hyundai” markasının təbliğatında çox önəmli rol oynayıb. Milli komandanın rəsmi avtomobili kimi, çoxmilyonlu futbol azarkeşlərinə xitab etmək bizim üçün çox önəmlidir. Bu gün milli komandamızın uğurları bizi çox sevindirir və milli komanda ilə, AFFA ilə tərəfdaş olmaq bizim üçün qürurvericidir.


Xəbər 739 dəfə oxundu.