Yaponiyada keçiriləcək Dünya İdman və Mədəniyyət Forumunda Azərbaycan da təmsil olunacaq | |
Oktyabrın 19-dan 22-dək Yaponiyada Dünya İdman və Mədəniyyət Forumu keçiriləcək. Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu beynəlxalq tədbirə 60 ölkədən 300-dən çox nümayəndənin qatılacağı gözlənilir. Forumda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyinin ilk dəfə təşkil olunan bu beynəlxalq tədbirlə bağlı yaydığı məlumatda bildirilir ki, son illər keçirilən beynəlxalq idman yarışları öz məzmunu ilə yalnız idman sahəsində deyil, eyni zamanda, mədəniyyət və iqtisadiyyat sahələrində də əməkdaşlığın genişlənməsinə mühüm təsir göstərir. Həmin tədbirlərin təşkilində dövlət qurumlarının və özəl sektorun birgə fəaliyyəti diqqəti daha çox cəlb edir. Dünya İdman və Mədəniyyət Forumu 2019-cu il Dünya Reqbi Kuboku, “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları və 2021-ci il Kansay Dünya Ustaları Oyunları ərəfəsində keçirilməklə bu yarışların yüksək səviyyədə təşkilinə öz töhfələrini verəcək. Forum zamanı əsasən üç mövzunun – “İnsan keyfiyyətlərinin təkmilləşdirilməsi”, “Dünya üzrə insanlararası mübadilənin inkişafı” və “İqtisadi və mədəni yeniliklərin yaradılması” mövzularında müzakirələr nəzərdə tutulur. Dünyanın müxtəlif ölkələrindən gələn idman, mədəniyyət və biznes sahəsində tanınmış mütəxəssislər, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli tədqiqatçılar, kütləvi informasiya vasitələrinin nümayəndələri yapon həmkarları ilə birlikdə məhz həmin istiqamətlərdə müzakirələrə qatılacaqlar. Dünya İqtisadi Forumunun dəstəyi ilə keçiriləcək bu yeni beynəlxalq tədbirdə idman yarışları zamanı biznesin imkanlarının daha da genişləndirilməsi yolları da müzakirə olunacaq. AZƏRTAC |
|
Xəbər 538 dəfə oxundu. |
|
|