Topaz Premyer Liqasının VIII turunun sonuncu oyununda “Zirə” komandası “Neftçi”ni məğlub edib
Futbol üzrə Topaz Premyer Liqasının səkkizinci turuna oktyabrın 16-da “Zirə”-“Neftçi” oyunu ilə yekun vurulub.

“Zirə” İdman Kompleksinin stadionunda baş hakim Rəhim Həsənovun idarə etdiyi oyunda meydan sahibləri qonaqların qapısından iki cavabsız top keçiriblər.

“Zirə” komandasının üstünlüyü şəraitində keçən qarşılaşmada hesab oyunun 43-cü dəqiqəsində açılıb. “Neftçi”nin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Yovan Krneta “Zirə”ni hesabda irəli çıxarıb. Matçın 46-cı dəqiqəsində “Neftçi”nun futbolçusu Rahil Məmmədov qırmızı vərəqə ilə cəzalandıraraq meydandan qovulub. Komandalar fasiləyə “Zirə”nin minimal hesablı üstünlüyü ilə yollanıblar.

Fasilədən sonra da hücumlarını davam etdirən ev sahibləri matçın 50-ci dəqiqəsində hesab arasındakı fərqi bir qədər də artırıblar. “Zirə”nin heyətində Adil Nağıyev adını tabloya yazdırıb.

Qalan dəqiqələrdə əlavə qol olmayıb və matç bu hesabla da başa çatıb.

Beləliklə, səkkiz turdan sonra turnir cədvəlinə aktivində 20 xal olan “Qəbələ” komandası liderlik edir. Hər birinin hesabında 16 xal olan “İnter” və “Qarabağ” komandaları müvafiq olaraq ikinci və üçüncü sıradadırlar. Xallarının sayını 10-a çatdıran “Kəpəz” dördüncü, eyni xalı olan “Zirə” isə beşincidir. “Sumqayıt” 8 xalla altıncı, 6 xalı olan “Neftçi” yeddinci, səkkiz oyundan sonra iki xal toplayan AZAL isə sonuncu pillədə qərarlaşıb.

Topaz Premyer Liqasının növbəti – doqquzuncu turunun oyunları oktyabrın 23-25-də keçiriləcək.

Xəbər 770 dəfə oxundu.