XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı, ADBTİA-nın məzunu Rüstəm Orucov tələbələrlə görüş keçirdi | |
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Milli Olimpiya Komitəsi ilə birgə yeni "Zirvə görüşləri” lahiyəsinə start verir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə "Zirvə görüşləri” adlı yeni layihəyə start verilib. Layihənin əsas məqsədi idman sahəsində yüksək nailiyyətlər əldə etmiş, tanınmış idmançılarla tələbələrin görüşünü təşkil etmək, gənclərin müsbət nümunələrlə idman mədəniyyətinə motivasiyalarını artırmaqdır. Layihə çərçivəsində ilk görüş cari ilin 7 oktyabr tarixində keçirilib. Görüşün qonağı Rioda keçirilən XXXI Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən və gümüş medal qazanan cüdoçumuz Rüstəm Orucov olub. Tələbələr cüdoçumuzun çıxışını böyük maraqla qarşılayıblar. Belə ki, öz uğur hekayəsini tələbələrlə paylaşan Rüstəm Orucov məqsədə çatmaq uğrunda apardığı mübarizədən və hədəflərin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətindən söhbət açıb. Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarındakı qələbəsindən də danışan R.Orucov Rioda Azərbaycana ilk medalı qazandırdığına görə çox sevindiyini bildirib: "Görüşlərimin hamısı çətin oldu. 1/4 finalda macarı deyil, özbək idmançını gözləyirdim. Amma bu, Olimpiadadır. Bu gün kim yaxşı hazırdısa, o da irəli gedir. Finalda da qələbə əzmində idim, amma yapon rəqibim çox güclü idi. Qarşıda yenə olimpiada var. Var gücümlə çalışacağam ki, doğma Azərbaycanımızın bayrağını daim ucalara qaldırım". R.Orucov daha sonra tələbələrin suallarını cavablandırıb, dəyərli məsləhətləri ilə onlara stimul verib. Cüdoçumuz, eyni zamanda, bu cür görüşlərin çox əhəmiyyətli olduğunu, məzunu olduğu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında son dövrlər baş verən müsbət dəyişikliklərə və intensiv inkişafla bağlı sevincini bildirib. Məlumat üçün bildirək ki, Braziliyada təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 56 idmançı ilə təmsil olunub. Millimiz Rioda 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla, London-2012-də göstərdiyi nəticəni yaxşılaşdırıb. Qeyd edək ki, ötən Olimpiadada millimiz 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazanıb. |
|
Xəbər 1423 dəfə oxundu. |
|
|