Roma 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyinə namizədlikdən imtina edib
İtaliyanın paytaxtı Roma 2024-cü ildə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarına ev sahibliyinə namizədlikdən imtina edib.

Bu barədə Roma meri Virciniya Racci açıqlama verib.

Mer deyib ki, məişət və kommunal öhdəlikləri tam həll olmayan paytaxt üçün böyük vəsait tələb edən idman tədbirinin keçirilməsi prioritet sayıla bilməz. Namizədliklə razılaşmaq məsuliyyətsizlikdir. Biz bunu şəhər şurasında, seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı və bu gün də müzakirə etmişik. Fikrimiz dəyişməyib və əksinə, ətraflı təhlillərdən sonra qərarımız qətiləşib.

Bu barədə yekun qərarın təsdiq edilməsi üçün məsələnin paytaxt şurasında səsverməyə çıxarılması nəzərdə tutulur.

Roma namizədlikdən imtina edəcəyi təqdirdə XXXIII Yay Olimpiya Oyunlarına ev sahibliyinə iddialı üç şəhər qalır. Bunlar Los-Anceles, Paris və Budapeşt şəhərləridir. Təşkilatçı ölkə gələn il sentyabrın 13-də Perunun paytaxtı Limada seçiləcək.

Xəbər 719 dəfə oxundu.