Xantı-Mansiyskdə yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı başlanır
Sentyabrın 21-dən oktyabrın 3-dək Xantı-Mansiyskdə gənc oğlanlar və qızlar arasında şahmat üzrə dünya çempionatı keçiriləcək. Turnirdə 57 ölkədən yaşı 18-dən yuxarı olmayan 400-dən çox şahmatçı iştirak edəcək.

Xantı-Mansiyskdə ən böyük nümayəndə heyəti Rusiyadan olacaq. Onun tərkibinə 59 iştirakçı daxildir. Turnirdə Azərbaycanı 6 şahmatçı – zərif cinsin nümayəndələri Gövhər Beydullayeva, Xanım Balacayeva və Süsən Məmmədova, habelə oğlanlar – Zaur Bayramov, Andrey Mustafin və Murad İbrahimli təmsil edəcək.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyası yeniyetmələr arasında keçirilən birinciliyi bu ildən başlayaraq iki hissəyə bölməyi qərara alıb. 14, 16 və 18 yaşa qədər oğlanlar və qızlar arasında ən güclü iştirakçılar Xantı-Mansiyskdə müəyyən ediləcək. 8, 10 və 12 yaşa qədər oğlanlar və qızlar isə medallar uğrunda Batumidə mübarizə aparacaqlar. Bu yarışlar 2016-cı il oktyabrın 18-dən 30-dək keçiriləcək.

11 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə təşkil ediləcək yarışlarda oyun günləri 22-26 sentyabr, 28-30 sentyabr və 3 oktyabr tarixlərinə təyin edilib.

Xəbər 687 dəfə oxundu.