Bakı Şahmat Olimpiadasında sonuncu tura start verilib | |
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu XI tura start verilib. Kişilərdən ibarət əsas millimiz Türkmənistan ilə qarşılaşır. İkinci komandamız Boliviya, üçüncü yığmamız isə Albaniya millisi ilə üz-üzə gəlir. Qadınlardan ibarət əsas yığmamız XI turda Malayziya ilə üz-üzə gəlir. İkinci komandamız İran, üçüncü yığmamız isə Makedoniya ilə görüşür. Yarışlarda rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır. Xatırladaq ki, Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir. Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höcətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandaya Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova, üçüncü komandanın heyətinə isə Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova daxildir. |
|
Xəbər 650 dəfə oxundu. |
|
|