“Rio-2016”nın dördüncü günündə hər üç boksçumuz çıxışını qələbə ilə başa vurub
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının dördüncü günündə - avqustun 9-da milli komandamızın altı atleti idmanın üç növü – boks, kamandan oxatma və akademik avarçəkmə üzrə yarışıb.

Günün proqramı üzrə “Rio-2016” Yay Olimpiya Oyunlarında akademik avarçəkmə yarışlarında yarımfinal yarışları keçirilib. Təmsilçilərimiz Aleksandr Aleksandrov - Boris Yotov cütlüyü də bu yarışda mübarizə aparıb. İki min metr məsafəyə yürüş idmançılarımız üçün uğursuzluqla nəticələnib. Serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, italiyalı Françesko Fossi - Romano Battisti, litvalı Mindauqas Qrişkonis - Saulius Ritter, fransalı Uqo Buşeron - Matyö Androdias və almaniyalı Marsel Hakker - Ştefan Krüger duetləri ilə yarışan avarçəkənlərimiz finiş xəttinə sonuncu - 6-cı çatıblar. Reqlamentə əsasən, ilk üçlük finala vəsiqə qazanıb.

Aleksandrov - Yotov cütlüyü yarımfinalda iştirak edən 12 ölkə arasında isə 11-ci olub. Onlar avqustun 11-də saat 15:50-də 7-12-ci yerlər uğrunda təsəlliverici yarışa qatılacaqlar.

Təmsilçilərimizin rəqibləri Serbiya, Almaniya, Yeni Zelandiya, Avstraliya və Bolqarıstan duetləri olacaq.

Kamandan oxatma yarışlarında isə ilk görüşlər keçirilib. Azərbaycan idmançısı Olqa Senyukun ilk cəhdi 1/32 finala təsadüf edib. Sıralama yarışında 623 xalla 37-ci olan təmsilçimiz çinli Hui Çao ilə görüşüb. Rəqibinə məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.

Günə uğurlu çıxışları ilə damğa vuran boksçularımız olub. “Rio-2016” Yay Olimpiya Oyunlarının dördüncü günündə rinqə çıxan Kamran Şahsuvarlı ilk sınağını qalibiyyətlə keçib. 75 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/16 final mərhələsində çinli Minqqanq Cao ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən K.Şahsuvarlı səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb. O, bu mərhələdə avqustun 13-də rusiyalı Artyom Çebotaryov ilə mübarizə aparacaq.

Azərbaycanı boks yarışlarında 60 kiloqram çəki dərəcəsində təmsil edən Albert Səlimovun da ilk cəhdi uğurlu olub. İrlandiyalı David Oliver Coys ilə qarşılaşan boksçumuz görüşünü qələbə ilə başa vurub və dörddəbir final mərhələsinə adını yazdırıb.

“London-2012” Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da həmin gün mübarizəyə qoşulub. Superağır çəkidə (+91 kq) 1/16 final mərhələsində mübarizə aparan idmançımızın rəqibi mərakeşli Mohammed Arjaoui olub. Rəqibinə 3:0 hesabı ilə qalib gələn təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə qazaxıstanlı İvan Diçko ilə qarşılaşacaq.

Xəbər 1347 dəfə oxundu.