Sürətli Reqbi-7 yarışları 92 il sonra Rio Olimpiya Oyunlarında təşkil olunacaq | |
Parisdə təşkil edilən 1924-cü il Olimpiya Oyunlarından sonra olimpiada proqramından çıxarılan reqbi idman növü, 2016-cı ildə Rioda yenidən tamaşaçılara və bu idmanı sevənlərə təqdim olunacaq. Hər birində on beş nəfər olan və iki komandanın qarşılaşdığı reqbinin yeddi nəfərlik komandalarla oynanılan, daha az müddət davam edən və sürətli növü - Reqbi-7 yarışları (hər hissə yeddi dəqiqə olur) Rioda təşkil olunacaq. Rio Olimpiya Oyunlarında bu növdə qadınlarda və kişilərdə hərəsində on iki komanda olmaqla mübarizə aparılacaq. Sonuncu dəfə 1924-cü il Paris Olimpiya Oyunlarında klassik reqbi yarışları yalnız kişilər kateqoriyasında təşkil edilib və yarışlarda ABŞ-ın komandası çempion adını qazanıb. O, zaman Fransa ikinci, Rumıniya isə üçüncü yeri tutub. Ümumiyyətlə, reqbi 4 dəfə-1900-cu, 1908-ci, 1920-ci və 1924-cü illərdə Olimpiya Oyunlarının proqramlarına daxil edilib. Reqbi-7 idman növünü Rio Olimpiya Oyunlarına daxil etmək barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin Danimarkanın paytaxtı Kopenhagendə 2009-cu ildə keçirilmiş iclasında verilib. Hazırda təxminən 100-dən ölkədə reqbi yayılıb. Reqbi iki dövrə olaraq oynanılan, irəliyə pas vermənin qadağan olduğu, yalnız geriyə pas verməyə icazə verilən, topu əllə rəqibin qala xəttinin arxasına daşımağı və aparmağı hədəfləyən sərt bir idman növüdür. Reqbinin ən mühüm qaydası əl ilə irəliyə pas verilməməsidir. Futboldan fərqli olaraq reqbi oyununda hücumçular daha ağırdır, toqquşmalarda və daha ağır mübarizələrdə forvet olarkən geri oynayan reqbi oyunçuları daha çox qaçmağa, qol vurmağa və xal yığmağa diqqəti yönəldirlər. Reqbi oyunu Beynəlxalq Reqbi Birliyi və ya Beynəlxalq Reqbi Liqası qaydaları ilə oynanır. Ana vətəni İngiltərə olan reqbi, sonradan ingilis müstəmləkələrinə yayılıb. Dünyanın qabaqcıl komandaları Yeni Zelandiya, Avstraliya, Cənubi Afrika və İngiltərə milli komandalarıdır. Reqbi üzrə İngiltərə və Fransa çempionatları güclü çempionatlar hesab edilir. Rio Yay Olimpiya Oyunlarında Reqbi-7 yarışları avqustun 6-dan 8-dək qadınlar, avqustun 9-dan 11-dək kişilər arasında keçiriləcək. Yarışlar Rio-de-Janeyronun Deodoro rayonundakı stadionunda təşkil ediləcək. |
|
Xəbər 999 dəfə oxundu. |
|
|