“Formula-1” Avropa Qran-prisi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyində görüş keçirilib
“Formula-1” Avropa Qran-prisinə hazırlıq çərçivəsində iyunun 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ilə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nümayəndələri arasında qarşılıqlı əlaqələrin təşkili mövzusunda görüş keçirilib.

Tədbirdə nazirliyin “Formula-1” yarışları zamanı təhlükəsizliyə cavabdeh əməkdaşları və BŞH-nin nümayəndələri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd yarışlar zamanı qarşılıqlı fəaliyyətin daha dəqiq əlaqələndirilməsi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparmaqdan ibarət olub.

FHN-in “Formula-1” üzrə əlaqələndiricisi, polkovnik Cavanşir Həşimov görülən işlərdən danışıb. O, belə tədbirlərin keçirilməsinin yarışlardan əvvəl əməkdaşların nəzəri biliklərinin artırılmasına kömək etdiyini vurğulayıb.

BŞH-nin obyektlərin idarəedilməsi üzrə mütəxəssisi Ləman Həsənova, idman üzrə menecerinin müavini Vladislav Vorapayev, təhlükəsizlik üzrə əlaqələndiricisi Məsturə Ədilova “Formula-1” yarışları zamanı FHN-in xilasediciləri ilə qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıblar. Çıxışlarda yarışlar zamanı baş verə biləcək hər hansı hadisəyə operativ reaksiya verilməsinin zəruriliyi vurğulanıb.

Sonda yarışlarda təhlükəsizliyə dair fotoslaydlar göstərilib, suallar cavablandırılıb.

Xəbər 692 dəfə oxundu.