“Qəbələ” idman klubunun cüdoçusu Avropa kuboku yarışlarında bürünc medal qazanıb
İspaniyanın paytaxtı Madriddə cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub.

26 ölkədən 255 idmançının mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandasının və “Qəbələ” idman klubunun təmsilçisi Cəlil Şükürov da uğurla çıxış edib. Turnirdə 100 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz yarışın sonuncu günü tatami üzərinə çıxıb.

İlk qarşılaşmada ispaniyalı Karlos Antonio Qomes Rodrigesi məğlub edən idmançımız ardınca fransalı Klement Delvertə uduzub. Rəqibi finala yüksələn C.Şükürov təsəlliverici qarşılaşmalara qatılıb. Əvvəl daha bir ispaniyalı Serxio Trilyo Valeryonu mübarizədən kənarlaşdıran cüdoçumuz bürünc medal uğrunda mübarizədə böyük britaniyalı Filip Avitialkarasla üz-üzə gəlib. Görüşün taleyini 2 dəqiqə 14 saniyəyə öz xeyrinə həll edən C.Şükürov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Xəbər 800 dəfə oxundu.