Respublika şahmat turnirinin qalibləri mükafatlandırılıblar | |
Təhsil Nazirliyinin dəstəyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Şahmat Olimpiadasının məktəblilər arasında təbliğinə həsr edilmiş Respublika şahmat turnirinə yekun vurulub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda birinci yeri Quba şəhər 2 nömrəli ümumi təhsil məktəbinin, ikinci yeri Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin, üçüncü yeri isə Ucar rayon 1 nömrəli ümumi təhsil məktəbinin komandası tutub. Yarışın sonunda qaliblər Təhsil Nazirliyinin kubok, diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar. Xatırladaq ki, turnirin məqsədi sentyabrın 1-dən 14-dək Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasını təbliğ etmək, valideynlərin məktəb həyatında daha fəal iştirakına nail olmaq və şagirdlər arasında şahmat idman növünü yaymaqdan ibarətdir. Cari ilin aprelindən başlanan yarışlara 4 mindən artıq ümumi təhsil məktəbindən 55 minə yaxın iştirakçı cəlb edilib. Komandaların tərkibi VIII və daha aşağı sinif şagirdi olmaqla, 1 oğlan, 1 qız idmançı, həmçinin 1 valideyn və 1 müəllimdən ibarət olub. |
|
Xəbər 710 dəfə oxundu. |
|
|