Kayakçımız dünya kubokunda 1 qızıl, 1 gümüş medal qazandı
Azərbaycan kayakçısı İnna Osipenko Radomskaya Çexiyanın Raçitse şəhərində keçirilən II Dünya Kubokunda daha bir medal qazanıb. 34 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşün qalibi olub.

Osipenko-Radomskaya seçmə yürüşdə finişə 1 dəqiqə 53,797 saniyəyə çatıb. O, bütün rəqiblərini - böyük britaniyalı Raçel Kautorn (1:54.964), isveçli Karin Yohansson (1:55.225), macarıstanlı Tamara Takaş (1:55.436), belçikalı Hermien Peters (1:57.047), braziliyalı Ana Paula Verkuts (1:58.719) və italiyalı Sofia Kampananı (1:59.652) üstələyib. Nəticədə ilk 6 yeri tutanlar yarımfinala yüksəliblər. Növbəti mərhələdə də təcrübəli kayakçı qalib olub. O, 1 dəqiqə 53,393 saniyə nəticə göstərərək, CAR təmsilçisi Bricit Hartli (1:53.415), çinli Yu Ju (1:54.054), avstraliyalı Naomi Flud (1:55.727), kanadalı Mişel Luiz Russel (1:56.610), CAR-ın daha bir idmançısı Esti van Tonder (1:59.604), böyük britaniyalı Haylay-Ceyn Meyson (2:01.432), norveçli Marte Solhauq (2:04.532) və tunisli Afet Ben İsmaili (2:08.382) geridə qoyub.

Beləliklə, Osipenko-Radomskaya finala yüksəlib. Həlledici mərhələdə o, 1 dəqiqə 52,388 saniyə nəticə ilə yürüşün qalibi olub. Çinli Yu Ju (1:52.955) gümüş, danimarkalı Emma Ostrand Yörgensen (1:52.966) bürünc medal qazanıb. Sonrakı yerləri böyük britaniyalı Raçel Kautorn (1:53.777), slovakiyalı Martina Kohlova (1:53.838), CAR təmsilçisi Bricit Hartli (1:54.110), sloveniyalı Spela Ponomarenko Yaniç (1:54.532), isveçli Karin Yohansson (1:55.521) və kanadalı Emili Furnel (1:56.805) tutub.

Beləliklə, Osipenko-Radomskaya II Dünya Kubokunu 1 qızıl, 1 gümüş medalla başa vurub. O, gümüş medalı ötən gün qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə əldə edib.

Xəbər 1753 dəfə oxundu.